Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin tətbiqində maraqlıdır.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Vergi Administrasiyası Avropa və dünyada ən qabaqcıl təcrübələri özündə cəmləşdirməyə çalışan qurumlardan biridir: “Biz bir sıra beynəlxalq təşkilatlarla bu sahədə çoxdan çalışırıq. İOTA təcrübə mübadiləsi üçün uğurlu platformadır. Növbəti 10 ildə qarşıya milli iqtisadiyyatın ikiqat artırılması vəzifəsi qoyulub. Çox güman ki, belə iqtisadi artıma adekvat olan vergi inzibatçılığını təmin etmək üçün qabaqcıl xarici təcrübə lazımdır”.
S. Ələkbərov bildirib ki, İOTA növbəti Baş Assambleyasında vergi ilə bağlı bir sıra məsələlərin müzakirəyə çıxarılması gözlənilir: “Bu məsələlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda aparılmış son vergi islahatları ilə bağlı İOTA-nın İcraiyyə Şurasına məlumat verməyə çalışacağıq. İOTA-nın prezidenti, Serbiya Vergi Administrasiyasının baş direktoru xanım Liliyana Xovaceviçlə keçirilən görüşlər ölkəmizdə həyata keçirilən islahatların geniş vüsət almasına kömək edəcək”.