Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsinin məxaric hissəsinin 27,2%-i və ya 4 740 mln. manatı sosial təyinatlı xərclərin payına düşüb. Bu da 2011-ci ilə nisbətən 400 mln. manat və ya 9,2% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov 2012-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələrdə bildirib.
Onun sözlərinə görə, sosial xərclərə əməyin ödənilməsi, təqaüdlərin və sosial müavinətlərin verilməsi, dərman və ərzaqla bağlı və s. xərclər aiddir.
S.Şərifov bildirib ki, ötən il iqtisadi fəaliyyətlə bağlı xərclər 2011-ci ilə nisbətən 56,7%, mənzil-kommunal təsərrüfat xərcləri 40,2%, nəqliyyat və rabitə xərcləri 38,7%, mədəniyyət, incəsənət və idman xərcləri 26,8%, səhiyyə xərcləri 23,5%, sosial müdafiə və sosial təminat xərcləri 18,3%, təhsil xərcləri 14,6% kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərcləri 5,3% artıb.
«Göründüyü kimi, strukturuna görə daha çox vəsait iqtisadi fəaliyyət xərclərinə yönəldilib. Bu da hökumətin qeyri-neft sektorunun daha sürətlə inkişafı üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlıdır», - deyə nazir bildirib.