SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2017-ci il üzrə maliyyə göstəricilərini əks etdirən audit hesabatını açıqlayıb.
Şirkətdən "APA-Economics"ə verilən xəbərə görə, 2017-ci ildə "Petkim"in aktivlərinin həcmi illik müqayisədə 58,2% artaraq 4 mlrd. 208,404 mln. lirə təşkil edib.
Ötən il “Petkim”in gəlirləri 7 mlrd. 363,824 mln. lirə təşkil edib. Şirkət 2017-ci ildə 1 mlrd. 389,444 mln. türk lirəlik xalis mənfəət əldə edib. 2016-cı il ilə müqayisədə ötən il şirkətin xalis mənfəəti 91,44% artıb.
Şirkətin maliyyə investisiyalarının ümumi dəyəri 8 mlrd. 910 mln. lirəyə bərabər olub.
Ötən il şirkətin qısa müddətli öhdəlikləri 30,6% artaraq 2 mlrd. 346,909 mln. lirə, uzunmüddətli öhdəlikləri isə 13,22% artaraq 1 mlrd. 587,871 mln. lirə olub. Şirkətin cəmi öhdəliklərin həcmi 23% artaraq 3 mlrd. 937,779 mln. lirə təşkil edib.
Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.
Qeyd edək ki, bu günə olan rəsmi məzənnəyə əsasən 1 Türkiyə lirəsi 0,4461 manatdır.