2017-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 0,1% artaraq 70 mlrd. 135,1 mln. manata çatıb.
"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda bildirilir ki, əhalinin hər nəfərinə düşən ÜDM 7,205 min manat, yaxud 4 min 186,3 dollar təşkil edib.
Ötən il iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş əlavə dəyər 2016-cı ilə nisbətən 2,7% artıb, onun ÜDM-də xüsusi çəkisi 62,8% olub. Neft sektorunda əlavə dəyər 5% azalıb. Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər 2016-cı illə müqayisədə 8,5%, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sosial və digər xidmətlər sahələrində 1,5% artıb, sənaye və tikintidə isə müvafiq olaraq 4,2% və 1,5% azalıb.
Eyni zamanda, qeyri-neft sənayesinin əlavə dəyərində 3,8% artım müşahidə olunub.
ÜDM-in 40,1%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 9,5%-i tikintidə, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 16,4%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3%-ni təşkil edib.