Bakı. Əli Əhmədov – APA-Economics. Son bir ildə Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi 3 dəfə artaraq ümumi dövriyyənin 10%-nə çatıb. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, əgər bir il əvvəl nağdsız ödənişlər ümumi dövriyyənin 3%-ni təşkil edirdisə, indi bu rəqəm 10%-ə çatıb.
S.Ələkbərovun sözlərinə görə, hazırda Azərbaycanda nağdsız ödənişlərin artmasına mane olan əsas səbəblərdən biri plastik kartdan istifadə vərdişlərinin aşağı olmasıdır. Bundan başqa, kartdan istifadə həm kart sahibləri, həm də kartla ödənişi qəbul edənlər üçün cəlbedici olmalı, buna görə də onlar stimullaşdırılmalıdır.
Nazir müavini bildirib ki, ölkədə nağdsız ödənişlərin inkişafı təkliflər hökumətdə baxılır: «Güman edirəm ki, bu il ərzində məsələlər həllini tapmalıdır və ondan sonra kartlardan istifadə daha da genişlənəcək».
S.Ələkbərov bildirib ki, kartlardan istifadəni stimullaşdırmaq üçün təkliflərdə kartla ödənişi qəbul edən sahibkarlar üçün güzəştlər nəzərdə tutulub, onlardan da biri ƏDV-dən azad olmadır: «Təkliflərdə inzibati addımlar da, o cümlədən nağd ödənişin məbləğinin məhdudlaşdırılması planlaşdırılır».
Ölkədə nağdsız ödənişlərin inkişafı üçün görülən işlərə toxunan nazir müavini bildirib ki, qısa müddət ərzində ölkədə 30 mindən artıq POS-terminal alınaraq quraşdırılıb. Onların əksəriyyəti Bakı şəhərindədir: «Respublikada bununla bağlı xüsusi proqram həyata keçirilir. POS-terminallar bütün şəhər və rayonlarda olmalıdır ki, istəyənlər istifadə edə bilsinlər».
Nazir müavininin sözlərinə görə, ölkədə nağdsız ödənişlərin səviyyəsi dünya səviyyəsindən aşağıdır: «İnkişaf etmiş ölkələrdə kartla ödəniş səviyyəsi 80-90%-dir. Bizdə bu həddə çatmaq üçün kartla ödəniş mədəniyyəti də formalaşmalıdır. Buna isə bir neçə il tələb olunacaq».