Bakı. Real Cəfərli - APA. “İranla Azərbaycan arasındakı əlaqələrin çox uzun və tarixi keçmişi var. Tarixi-mədəni ortaqlıqlar və coğrafi qonşuluq hər iki ölkəni bir-birinə çox yaxınlaşdırıb”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Təbrizdə 28 May - Respublika Günü münasibətilə keçirilmiş tədbirdəki çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 500 milyon dollar səviyyəsindədir: “Bu rəqəm iki ölkənin sahib olduğu potensialla müqayisə ediləndə çox azdır. Ona görə də ilin sonunadək bu rəqəmi ən azı 1 milyard dollara çıxartmaq mümkündür”.
İ.Cabbarzadə deyib ki, İranla Azərbaycanın ticarət palataları, həmçinin özəl sektorları arasında ortaq ticarət əməkdaşlığı var: “Şərqi Azərbaycan vilayəti İranla Azərbaycan sərhədində ortaq istehsal vahidləri yaradılmasına hazırdır. Biz bu potensial sayəsində yeni məhsullar istehsal etməklə iki ölkənin ehtiyaclarını aradan qaldıra bilərik. Bundan əlavə, həmin məhsulların ixracı məsələsində də əməkdaşlıq edə bilərik”.