Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən bir sıra borclu vergi ödəyicilərində əmlakın siyahıya alınma tədbirləri keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Masallı rayonu, Qəriblər kəndində yerləşən “Dəmirağac” MMC-nin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 3 762 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən may ayının 21-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və vergi ödəyicisinə məxsus 3 410 manat dəyərində məişət avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınıb.
Masallı şəhəri, H. Aslan küçəsi, ev 21A ünvanda yerləşən, fiziki şəxs Teymurov Loğman Firuz oğluna məxsus mebel sexində əmlakın siyahıya alınması tədbirləri keçirilib, tədbir zamanı 1 636 manat vergi borcu müqabilində 2 000 min manat dəyərində olan mebel istehsalı üçün xammal siyahıya alınıb.
Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 24 ünvanda yerləşən, fiziki şəxs Həsənov Ramin Cəfər oğluna məxsus obyektdə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Audio-video çəkilişlər, evlərdə və obyektlərdə kameraların quraşdırlması ilə bağlı xidmətlərin göstərilməsi ilə məşğul olan vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən, 1105 manat məbləğində borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki 300 manat dəyərində olan müxtəlif cihaz və avadanlıq müəyyən edilmiş qaydada siyahıya alınıb.
Siyahıya alınma tədbirləri 8 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən də keçirilib. İmişli şəhəri, S. Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Abbasov Azər Fətulla oğluna məxsus “Samara” topdan və pərakəndə satış ticarət obyektində vergi ödəyicisinin 1 010 manat vergi borcu müqabilində 1 018 manatlıq ərzaq məhsulları müəyyən edilmiş qaydada siyahıya alınıb.
Eləcə də İmişli-Kürdəmir yolunun 15-ci km-də yerləşən, fiziki şəxs Nəsirov Vilayət Əlibala oğluna məxsus tikinti materialları satılan obyektdə də vergi ödəyicisinin, 1 295 manatlıq vergi borcu müqabilində 1 435 manat dəyərində tikinti materialları, lak və boya məmulatları, rayonun Yalavac kəndinə yerləşən, fiziki şəxs Şükürov Ağaməmməd Mİrzə oğluna məxsus obyektdə isə 1 024 manatlıq borc müqabilində 1 050 manat dəyərində müxtəlif növ dəmir, lak-boya, şüşə məmulatlar və digər tikinti materialları müəyyən edilmiş qaydada siyahıya alınıb.