Bank Of Baku

Daşkənddə “Azərbaycan haqqında nə bilirsiniz?” mövzusunda rəsm əsərləri müsabiqəsi keçirilib

Daşkənddə “Azərbaycan haqqında nə bilirsiniz?” mövzusunda rəsm əsərləri müsabiqəsi keçirilib
# 12 noyabr 2009 22:45 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Özbəkistanın “Kamolot” Gənclər İctimai Hərəkatı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi arasında imzalanmış protokola əsasən Daşkənddə “Azərbaycan haqqında nə bilirsiniz?” mövzusunda uşaq və gənclərin rəsm əsərlərinin yekun müsabiqəsi keçirilib.

APA-nın Qazaxıstan və Mərkəzi Asiya bürosunun xəbərinə görə, müsabiqənin məqsədi Özbəkistan gəncliyini Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, abidələri, adət və ənənələri ilə tanış etməkdir. Müsabiqənin yekun mərhələsində Özbəkistanın Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları iştirak edib.

“Kamolot” rəhbərliyinin APA-ya verdiyi məlumata görə, sərgiyə 2000-ə yaxın rəsm əsəri təqdim olunub, münsiflər heyəti yekun mərhələsi üçün onlardan 100-nü seçib. Seçilmiş rəsmlərdə Azərbaycanın xəritəsi, dövlət simvolları, vətənimizin təbiət rəngarəngliyi, Xəzər dənizinin görüntüləri aydın təsvir olunub. Gənc rəssamların əsərlərində həmçinin tarixi abidələrimiz və xalq qəhrəmanlarımız Babək, Səttarxan, Qız qalası, Bəzz qalası, Ramana qalası, Möminə xatun türbəsi əks olunub. Sərgidə Azərbaycan və özbək xalqlarının adət və ənənələrinin oxşarlığını əks etdirən Novruz, Qurban bayramlarını, milli rəqs və idman oyunlarını təsvir edən rəsmlər də nümayiş etdirilib. Azərbaycan və özbək xalqlarının çoxəsrlik dostluğuna həsr edilmiş Nizami Gəncəvi və Əlişir Nəvai, Əlişir Nəvai və Məhəmməd Füzuli, Nəsirəddin Tusi və Uluqbəyin birgə portretləri münsiflər heyəti tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Final mərhələsində qaliblərə “Kamolot” təşkilatı və Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Birinci yerə Fərqanə vilayəti Altıarık orta məktəbinin məzunu, “Sənət” kollecinin tələbəsi Timurbek Mamadkarimov layiq görülüb. Müsabiqəyə təqdim olunan ən yaxşı əsərlər bir ay ərzində Respublika Uşaq Yaradıcılıq Sarayında, sonra isə Bakıda nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR