Bank Of Baku

Gürcü ekspert Mamuka Areşidze: “Türkiyə-Ermənistan sərhədləri 3 ildən sonra açıla bilər”

Gürcü ekspert Mamuka Areşidze: “Türkiyə-Ermənistan sərhədləri 3 ildən sonra açıla bilər”
# 14 noyabr 2009 07:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Türkiyə indi özünü derjava kimi aparmaq üçün hər bir dona girir. Gah Ermənistanla, sonra İranla, daha sonra Qərblə, Amerika ilə və ən başlıcası, Azərbaycanla danışıqlar aparır”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze deyib.

Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə fikirlərini açıqlayan M.Areşidze bildirib ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan sərhədləri açmaq istəyir: “Üzdə elə görünür ki, guya Türkiyə yaxşılıq etmək istəyir, əslində münasibətlərin pozulması baş verir. Bunu Türkiyədə Bursa şəhərində azərbaycanlıların bayraqla stadiona buraxılmaması və Bakıda Türk əsgərinin memorialındakı bayraqların sökülməsində gördük. Bu, əsl mənada siyasi dərs idi. Bütün bunların nəticələri Azərbaycanı özünün xaricə qaz satışı məsələlərində tariflə əlaqədar dəyişiklik etmək barədə danışıqlar aparmağa vadar etdi. Türkiyə Azərbaycandan qaz alır və onu yenidən digər qiymətlə Avropaya satır. Azərbaycan artıq buna razılıq vermir. Fikirləşirəm ki, Türkiyə hökuməti bu barədə dərindən düşünməlidir. Sərhədlərin açılmasında Gürcüstan heç nə itirmir. Ermənistanın mal dövriyyəsinin 70%-i Gürcüstan vasitəsilə həyata keçirilir. Amma indən belə bu iş Avropadan gəlib Türkiyədən keçməklə həyata keçirilə bilər. Buna baxmayaraq, Gürcüstan öz tranzit funksiyasını saxlayır. Orta Asiyadan, Azərbaycandan gələn yüklər yenə bizim ölkədən keçir. Ermənistan yenə təcrid olunmuş vəziyyətdə qalır. Sərhədlərin açılması yalnız Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryol layihəsinə və Gürcüstan limanlarına təsir edə bilər. Qeyd edim ki, hələ sərhədlərin açılmasına çox var. Bu, 3 ildən sonra baş verə bilər. Əgər bir gün sərhədlər açılarsa, təkcə infrastrukturu qurmağa 2-3 il vaxt lazım olacaq”.

Ekspert Cavaxetiyada erməni dilinə regional status verilməsinə də münasibət bildirib: “Gürcü rəhbərləri düşünmədən bu sənədə imza atdılar, lakin bunu Gürcüstan parlamenti heç vaxt ratifikasiya etməz. Bu sənədə görə, Gürcüstandakı bölgələr müxtəlif dillərdə danışacaq və fəaliyyət göstərəcəklər. Sənədə əsasən svan və meqrellər də öz dillərində danışacaqlar. Düzdür, onlar gürcü mənşəlidir. Ancaq elə olacaq ki, Dağıstanda olduğu kimi, iki kənd bir-birini başa düşməyəcək. Biz bütün millətlərin mədəniyyətlərinə hörmət edirik. Lakin heç vaxt digər dilə regional status verə bilmərik. Gürcüstanda yeganə dövlət dili gürcü dilidir. Biz regionda dostluq şəraitində yaşamağa məcburuq. Bizim düşmənlərimiz uzun əsrlərdir ki, Qafqaz ideyası ətrafında Qafqazı məhv etmək istəyirlər. Qarabağ məsələsi ermənilərin və Azərbaycan xalqının düşündüyü məsələ deyil. Onu digər insanlar kabinetlərdə, ölkələrdə düşünüblər. Mənə elə gəlir ki, kim bizim pisliyimizi istəyirsə, biz bunun əksinə yaxşılığa doğru hərəkət etməliyik. Mən 25 ildir ki, məşhur gürcü müğənnisi Vaxtanq Kikabidzenin kürəkəniyəm. O, “Mimino” kino filmində erməni artisti Frunze Mkrtçyanla birlikdə çəkilib. Biz Cənubi Qafqazda yox, bütün Qafqazda sülh əldə etmək barədə düşünməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR