Bank Of Baku

Tiflisdə yeni nəşr edilmiş «Gürcücə-Azərbaycanca lüğət» kitabının təqdimatı olub - FOTOSESSİYA

Tiflisdə yeni nəşr edilmiş «Gürcücə-Azərbaycanca lüğət» kitabının təqdimatı olub - <font color=red>FOTOSESSİYA</font>
# 12 aprel 2010 17:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə «Varlıq» Mədəniyyət Mərkəzində Nəsib Nəsibov, Venera Cangidze və Süleyman Süleymanovun tərtib etdikləri «Gürcücə-Azərbaycanca lüğət» kitabının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, lüğət Gürcüstanda yaşayan, orta və ya ali məktəblərdə gürcü dilini öyrənən, həmçinin bu dili öyrənməyə maraq göstərən azərbaycanlılar üçün nəzərdə tutulub. Kitab eyni zamanda İ.Cavaxişvili adına TDU-nun şərqşünaslıq fakültəsi türkologiya şöbəsinin Azərbaycan dilini öyrənən tələbələrinə, bu dili öyrənməyə həvəs göstərən gürcülərə Azərbaycan dilində yazılmış mətnlərin məzmununu başa düşməyə kömək edəcək. Lüğətə müasir gürcü ədəbi dilinin əsas leksik fondu və işlək sözlər daxil edilib. Bəzi beynəlxalq sözlər də gürcü və Azərbaycan dillərində orfoqrafik cəhətdən fərqləndiyinə görə bu lüğətə daxil edilib.

550 səhifəlik lüğət 22 min sözdən ibarətdir. «Gürcücə-Azərbaycanca lüğət» kitabı düzəlişlər və əlavələr edilmiş şəkildə «İntellekt» nəşriyyatı tərəfindən üçüncü dəfə 2 min tirajla nəşr edilib.

Lüğətin tərtib edilməsində əsasən 8 cildlik «Gürcü dilinin izahlı lüğəti» (gürcü dilində, Tiflis, 1950-1964-cü illər), «Texniki terminlər» (gürcü dilində), «Gürcü dilinin orfoqrafik lüğəti» (Tiflis, 1968-ci il) kitablarından istifadə edilib.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, İ.Cavaxişvili adına TDU-nun rektoru Georgi Xubua, Gürcüstan Parlamentinin deputatı Ramin Bayramov, «Varlıq» Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümbət, jurnalist Emin Mahmudov, TDU-nun Azərbaycanşünaslıq şöbəsinin müdiri Tsira Baramidze, tələbə Aleksandr Kvaxadze, «İntellekt» nəşriyyatının rəhbəri Qaxneq Kudava, lüğət kitabının müəlliflərindən Süleyman Süleymanov və Nəsib Nəsibov çıxış ediblər. Tədbirdə jurnalistlər, gürcü və azərbaycanlı ziyalılar, səfirliyin əməkdaşları, məktəb direktorları, TDU-nun azərbaycanlı və gürcü tələbələri və QHT təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev APA-ya bildirib ki, bu kitab tərəflərə bir-birini yaxşı başa düşməyə kömək edir. «Azərbaycanlılar gürcü dilində, gürcülər Azərbaycan dilində danışmalıdır. Azərbaycanlıların gürcü dilini bilməməsi hələ problem olaraq qalır. Gürcüstanda kifayət qədər azərbaycanlılar gürcü dilini bilmir. Və yəqin ki, bu dili öyrənməkdə bu kitabın böyük köməyi olacaq. Bu iki xalq üçün çox vacibdir. Dil öyrənmək, onlarla tanışlıq, professional fəaliyyəti genişləndirmək yalnız dil bilməklə mümkündür. Dil öyrənmək varlı olmaq deməkdir. Bu, böyük var-dövlətdir. Fikrimcə, hər insan üç dil bilməlidir. Dil bilməklə biz öz gələcəyimizi parlaq görəcəyik».

«İntellekt» nəşriyyatının direktoru Qaxneq Kudava APA-ya açıqlamasında bildirib ki, lüğət kitabının nəşrinə hələ 1995-ci ildən başlanıb. «İlk dəfə biz qeyri-gürcü məktəbləri üçün «Gürcü dili» dərsliyini nəşr etmişik. Eyni zamanda nəşriyyatımız Azərbaycan dilli məktəblərə 40 adda dərslik buraxır. Bu yaxınlarda «Azərbaycanca-Gürcücə lüğət» kitabı da işıq üzü görəcək. Biz bu işi davam etdirəcəyik. Ən başlıcası, çalışacağıq ki, lüğət komplekt olsun».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR