Bank Of Baku

Rusiya Katın faciəsi ilə bağlı məxfi materialları ictimaiyyət üçün açıqlayıb

Rusiya Katın faciəsi ilə bağlı məxfi materialları ictimaiyyət üçün açıqlayıb
# 28 aprel 2010 10:26 (UTC +04:00)
Moskva-APA. “Rosarxiv” ilk dəfə Katın faciəsi ilə bağlı məxfi materialları ilk dəfə ictimaiyyət üçün açıq elan edib. APA-nın məlumatına görə, məxfi sənədlərin elektron surətləri “Rosarxiv”in saytında yerləşdirilib. Məxfi materialların açıqlanması barədə qərar Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən qəbul olunub. Dərc olunan sənədlər arasında daxili işlər xalq komissarı Lavrenti Beriyanın İosif Stalin üçün yazdığı hesabat da var. Hesabatda Beriya Ukrayna və Belarus ərazisində NKVD-nin əsir düşərgələri və həbsxanalarında saxlanan polyaklar üçün ən ağır cəzanın – güllələnmə cəzasının verilməsini təklif edir. Beriya bu addımı sabiq polyak zabitlərinin əksinqilabi iş və antisovet təbliğatı aparması ilə əsaslandırır. Budan başqa açıqlanan sənədlər arasında Siyasi Büronun protokollarından hissələr, güllələnən şəxslərin şəxsi işlərinin məhv edilməsi barədə Nikita Xruşşova təqdim olunan hesabat və digər sənədlər də var. Xatırladaq ki, bu ay Katında 14 min polyak zabitinin güllələnməsindən 70 il ötür. Bu məsələ uzun müddət Rusiya-Polşa münasibətlərində gərginlik nöqtəsi olub. 2008-ci ildə Rusiya Katın faciəsi ilə bağlı NKVD-nin arxiv materiallarını Polşaya təqdim edib, ötən ilin sentyabrında isə hər iki ölkə Katın faciəsini tədqiq edəcək birgə təhqiqat mərkəzlərinin yaradılması barədə razılığa gəliblər. Katında güllələnən zabitlərin ailələri uzun illər ərzində müxtəlif instansiyalara müraciət edərək onlara bəraət verilməsini tələb edirlər. Xatırladaq ki, aprelin 10-da Katın faciəsinin 70-ci ildönümünə həsr olunmuş matəm tədbirlərində iştirak etmək üçün Smolenskə gələn Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi qəzaya uğrayıb, nəticədə prezident və xanımı da daxil olmaqla, ölkənin çoxlu sayda yüksək vəzifəli şəxsi dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR