Rusiyanın Belqorod şəhərinə gecə saatlarında pilotsuz uçuş aparatları ilə kütləvi hücum edilib.
APA xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. Yaralılar arasında 4 və 9 yaşlı iki uşaq da var.
Hücum zamanı 30 çoxmənzilli yaşayış binasına, 3 sosial və 6 kommersiya obyektinə, həmçinin 30-dan çox avtomobilə ziyan dəydiyi bildirilib. Rusiya tərəfi hücumun Ukrayna PUA-ları ilə həyata keçirildiyini açıqlayıb.
***
07:50
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Belqoroda hücumu nəticəsində 13 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
APA xəbər verir ki, bölgənin qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, sinəsindən qəlpə yaraları alan 4 yaşlı oğlan uşağı vilayət uşaq xəstəxanasına çatdırılıb. Digər bir uşağa və üç böyüyə hadisə yerində tibbi yardım göstərilib. Daha səkkiz yaralının xəstəxanaya yerləşdiriləcəyi bildirilib.
Partlayışlardan sonra çoxmərtəbəli binanın yaxınlığındakı dayanacaqda iki avtomobil və fərdi yaşayış evi yanıb.
Həmçinin dörddən çox çoxmənzilli bina, inzibati bina, sosial və kommersiya obyektlərinə ziyan dəyib.