Qazaxıstan Baş Prokurorluğunun əməkdaşları 23 avqustda keçirilən yeni birpalatalı parlamentə (Qurultay) seçkilər zamanı 15 pozuntu aşkarlayıblar.
APA xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, seçkilərin təşkili və keçirilməsi dövründə yalnız iki növ inzibati hüquqpozma qeydə alınıb.
Bunlardan 3-ü qanunsuz sorğuların keçirilməsi, 12-si isə təşviqatın qadağan olunduğu müddətdə seçkiqabağı təşviqat aparılması ilə bağlı olub.
Seçki komissiyaları tərəfindən pozuntular, bülletenlərin qanunsuz verilməsi, başqa şəxslərin adından səsvermə və bülletenlərin qutulara atılması kimi hallar isə qeydə alınmayıb.
Akkreditə olunmuş müşahidəçilər və media nümayəndələri ilə bağlı münaqişələr, onların seçki məntəqələrindən uzaqlaşdırılması və digər ciddi ictimai asayiş pozuntuları da aşkarlanmayıb.
Qeyd edək ki, 23 avqustda Qazaxıstanda yeni birpalatalı parlamentə seçkilər keçirilib. Seçkilərdə ölkədə qeydiyyatdan keçmiş 7 siyasi partiya iştirak edib. Səsvermənin nəticələrinə görə, partiyalardan 5-i 5 faizlik seçki baryerini keçərək parlamentə daxil olub. Seçici fəallığı 74,08 faiz təşkil edib.