Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqı və NATO rəhbərliyini ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi diplomatik səylərə mane olmaqda ittiham edib.
“İzvestiya” qəzetinin məlumatına görə, bunu Rusiya XİN-in Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov bildirib.
Onun sözlərinə görə, bəzi Avropa siyasətçiləri Moskva ilə əlaqələrin bərpasının zəruriliyini anlamağa başlayıblar.
Bununla belə, Maslennikov iddia edib ki, Aİ və NATO rəhbərliyi, eləcə də bu təşkilatlara üzv olan bir sıra ölkələr aylardır Ukrayna münaqişəsinin nizamlanmasının qarşısını almağa çalışırlar.
“Onlar ABŞ-ın danışıqlar səylərinə mane olur, eyni zamanda açıq şəkildə Rusiyanın maksimalist mövqe tutduğunu və danışıqlara hazır olmadığını bildirirlər”, – deyə diplomat qeyd edib.
Maslennikov Avropa ölkələrinin mümkün sülh danışıqlarında hansı mövqedən çıxış etmək istədiklərini də sual altına alıb.
O, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamalarını xatırladaraq Avropa tərəfinin danışıqlara ultimatumlarla qatılmaq niyyətində olub-olmadığını soruşub.
Rusiya rəsmisinin sözlərinə görə, mövcud vəziyyət nəzərə alınmadan Avropa ölkələri ilə danışıqlar aparmaq çətin olacaq.