Rusiyanın Kalmıkiya respublikasında magistral yolda sərnişin mikroavtobusu yük avtomobili ilə toqquşub.
APA xəbər verir ki, ilkin olaraq hadisənin baş verməsinin səbəbinin sürücünün yuxuya getməsi olduğu ehtimal olunur.
Hadisə nəticəsində 7 nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı bildirilir.
Hadisə mayın -18-dən 19-na keçən gecə R-22 “Xəzər” avtomobil yolunda baş verib. Belə ki, Volqoqraddan Həştərxana gedən mikroavtobus yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə qarşıdan gələn qoşqulu yük avtomobili ilə toqquşub.
Qəza zamanı avtobusda 21 nəfər olub və onlardan 7-si həlak olub. 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mikroavtobus sürücüsünün xəstəxanada olduğu bildirilir.