Bakı. Anaxanım Hidayətova – APA. “Ermənistan yoxsulluq və ümidsizliyə yuvarlandıqca, yüksək rütbəli məmurlar böyük sərvət toplamağa nail olublar”. APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu bəyanatla Ermənistanın müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan çıxış edib.
Onun sözlərinə görə, son vaxtlar ölkədə dövlət maraqları adı altında kobud pozuntulara, tarixi abidələrin və ekosistemin məhvinə yönəlmiş addımlara yol verilir: “Bizim vətənimiz zəhərlənir. Ermənistanda dağ-mədən sənayesinin inkişafı dövlət maraqları ilə üst-üstə düşmədi və yüksək rütbəli məmurların maraqlarına xidmət etdi”.
R.Ovannisyan mədən sənayesinin istismarı lisenziyalarına yenidən baxılmasını, lisenziya verilməsinin dayandırılmasını və bununla bağlı parlament təhqiqatının aparılmasını tələb edib.