Moskva. Fərid Əkbərov - APA. Dekabr ayı başlayandan Rusiya ərazisində sərt şaxtalı hava şəraiti 123 nəfərin həyatına qon qoyub.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik dekabr ayı başlayandan 123 nəfərin öldüyünü, 1745 nəfərin xəsarət aldığını bildirib. Yaralananlardan 833 nəfəri xəstəxanalara yerləşdirilib.
Fobos Metereoloji Mərkəzinin rəhbəri İqor Klanişen bu gündən etibarən Moskva ərazisində temperaturun -25 dərəcədən -10 dərəcəyə qalxacağını söyləyib. Mərkəzin mütəxəssisi Vadim Zavodçenkov isə Rusiya ərazisində ən soyuq temperaturun fevral ayında müşahidə olunacağını söyləyib: “Əsl qış Rusiyaya fevral ayında gələcək. Bu ayda Moskvada havanın temperaturu -30 dərəcə olacaq”.
Qeyd edək ki, Rusiyanın Sibir bölgəsində havanın temperaturu -50 dərəcəyə kimi düşüb. Bölgənin Tuva, Xakasiya, Povolojye, Çelyabinsk, Tümen və Prianqarye vilayətlərində orta məktəblərdə tətil elan olunub.