Bakı-APA. Ukrayna əhalisinin yarıdan çoxu Gömrük İttifaqına üzv olmasının əleyhinədir və Avropa Birliyinə qoşulmağı dəstəkləyir.
APA-nın “Ukrainskaya Pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu qeyri-kommersiya təşkilatı olan və ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edən Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğunun nəticələri təsdiqləyir.
“Ukraynanın AB-yə qoşulması ilə bağlı keçiriləcək referendumda Siz necə səs verəcəksiz?” sualına respondentlərin 53 faizi bu təşəbbüsü dəstəkləyəcəklərini bildiriblər. AB-yə qoşulmağın əleyhinə isə respondentlərin 28 faizi çıxış edib.
Ukraynanın Gömrük İttifaqına üzv olmasını respondentlərin yalnız 28 faizi dəstəkləyib, 51 faizi isə ölkənin Gömrük İttifaqına üzv olmasının əleyhinədir.
Sorğunun nəticələrinə əsasən, 2011-ci ilin noyabrından Ukraynada avrointeqrasiya meyllərinin dəstəklənməsi 52 faizədək artıb.