Bank Of Baku

Azərbaycan paytaxtında II Beynəlxalq Nəsimi Elmi Konfransı keçiriləcək

Azərbaycan paytaxtında II Beynəlxalq Nəsimi Elmi Konfransı keçiriləcək
# 07 dekabr 2009 08:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 14-16-da Bakıda Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransı keçiriləcək. Konfrans “Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, konfransda Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, Hələb vilayətinin müftisi doktor Mahmud Ökkəm, Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə İran İslam Respublikasından professor Cavad Heyət iştirak edəcəklər.
Konfransda Azərbaycanın görkəmli alimlərinin çıxışları dinləniləcək. tədbir çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası və yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanıb. 2008-ci ilin noyabrında İmadəddin Nəsiminin dəfn olunduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş I elmi konfrans keçirilib, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksin interyerində Azərbaycan memarlıq elementlərini əks etdirən müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında bu 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunmuş tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR