Bank Of Baku

Rəşid Behbudovun doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunub

Rəşid Behbudovun doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunub
# 14 dekabr 2009 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 14-ü Azərbaycan musiqi tarixinin önəmli simalarından biri, mərhum müğənni Rəşid Behbudovun 94-cü doğum günüdür. APA-nın məlumatına görə, bununla əlaqədar sənətkarın məzarı ziyarət olunub. Ziyarətdə Rəşid Behbudovun qızı Rəşidə Rəşid, onun adını daşıyan Dövlət Mahnı Teatrının rəhbərliyi və kollektivi, eləcə də bir sıra tanınmış müğənnilər iştirak edib. R. Behbudovun qəbirüstü abidəsi önünə gül dəstələri qoyulub. Bu gün axşam Dövlət Mahnı Teatrında sənətkarın doğum gününə həsr edilmiş konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflis şəhərində xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri kimi çalışıb. Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş repertuarla çıxış edən R. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. 1959-cu ildə ona SSRİ xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. Sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR