Bank Of Baku

Bəstəkarlar İttifaqı “Müasirlərlə dialoq” adlı yeni layihə həyata keçirəcək

Bəstəkarlar İttifaqı “Müasirlərlə dialoq” adlı yeni layihə həyata keçirəcək
# 19 yanvar 2010 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqı bu ildən etibarən yaradıcı təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə “Müasirlərlə dialoq” adlı yeni layihə həyata keçirəcək. APA-nın məlumatına görə, bunu ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə deyib. Layihə çərçivəsində hər ay Bəstəkarlar İttifaqında müxtəlif sahələrin görkəmli nümayəndələri ilə görüşlər təşkil edilməsi planlaşdırılır. İlk görüş yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla olacaq.

F. Əlizadə 2011-ci ildə keçirilməsi planlaşdırılan II Beynəlxalq Muğam Festivalı ilə əlaqədar Bəstəkarlar İttifaqında hər ay “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” adlı dinləmələrin və müzakirələrin təşkil olunacağını bildirib. İttifaq sədri 2010-cu ilin ilk yarısında bir çox regionlarda səyyar plenumların keçirilməsinin plana salındığını söyləyib.

F. Əlizadə xarici dövlətlərin səfirlikləri ilə birgə layihələr həyata keçiriləcəyini, bununla bağlı təklifin qarşı tərəfdən gəldiyini də açıqlayıb: “Bilirsiniz ki, bu il dünyada “Şopen ili” kimi qeyd olunacaq. Bu məqsədlə aprel ayında Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Polşa səfirliyi ilə birlikdə Frederik Şopenin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Bundan başqa, mart ayında elə həmin məkanda Fransa səfirliyi ilə birgə fransız simli kvartetinin konsertini təşkil etməyi planlaşdırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR