Bank Of Baku

Adil İsgəndərovun 100 yaşı tamam olur – FOTO

Adil İsgəndərovun 100 yaşı tamam olur – <font color=red>FOTO </font>
# 05 may 2010 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 5-də Azərbaycanın görkəmli rejissoru və aktyoru Adil İsgəndərovun anadan olmasının 100 ili tamam olur. APA-nın məlumatına görə, bununla əlaqədar mərhum sənətkarın uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Milli Teatrın kollektivi onun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarət zamanı teatrın rəhbərliyi, eləcə də aktyor və aktrisalar Adil İsgəndərovun Azərbaycan teatrına verdiyi töhfələrdən danışıblar. Teatrın direktoru Maqbet Bünyatov milli teatrımızın 25 ilinin onun adı ilə bağlı odluğunu diqqətə çatdırıb: “68 illik ömrünün az qala yarısını Azərbaycan Milli Dram Teatrının inkişafına həsr edən Adil İsgəndərov rəhbərlik etdiyi bu sənət ocağında əsl yaradıcılıq məktəbi yaratdı. Dövrünün ən yüksək titullarına - SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülən rejissor, aktyor, pedaqoq Adil İsgəndərovun həyatının mənası teatr idi. O, sənətə özünəməxsus dəst-xətt, yaradıcılıq yenilikləri bəxş edib”. Kollektiv Mikayıl Mirzə, Tofiq Kazımov, Həsən Turabov və digər mərhum aktyorların da məzarını ziyarət edib.

Qeyd edək ki, Adil Rza oğlu İsgəndərov 1910-cu il mayın 5-də Gəncə şəhərində dünyaya göz açıb. 1930-cu ildə Azərbaycan Dövlət Teatr Məktəbini, 1936-cı ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Onun teatrda ilk işi 1936-cı ildə A. Korneyçukun "Platon Kreçet" pyesi (bu əsər Azərbaycan dilinə çevrilib və "Polad qartal" adı ilə oynanılıb) olub. 1937-ci ildə teatrın bədii rəhbəri təyin edilən sənətkar 1960-cı ilin sonuna qədər kollektivin yaradıcılıq işini istiqamətləndirib. Adil İsgəndərovun yaratdığı monumental tamaşalar indi də teatr tarixinin ən şərəfli səhifələri hesab edilir: Mirzə İbrahimovun “Həyat”, Səməd Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Nazim Hikmətin “Türkiyədə”, İlyas Əfəndiyevin “Bahar suları”, Mehdi Hüseynin “Cavanşir”, Ənvər Məmmədxanlının “Şərqin səhəri” və başqaları. Rejissorun Şekspirin “Otello” pyesinə Azərbaycan teatrında da səhnə həyatı verməsi yalnız sənətkarın deyil, milli mədəniyyətin ən böyük uğurlarından idi. Adil İsgəndərovun adı həm də böyük Hüseyn Cavidin milli teatra tarixi qayıdışı ilə bağlıdır. 1956-cı ildə yüksək səviyyədə hazırlanan "Şeyx Sənan" tamaşası 20 illik fasilədən sonra yenidən teatra dönən Hüseyn Cavidin unudulmaz xatirəsinə hörmətin, eyni zamanda Adil İsgəndərovun rejissor sənətinin əzəmətinin parlaq nümayişi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR