Bank Of Baku

Sürüşmə zonasında yerləşən Quba Tarix-Diyarşünaslıq Muzeyi tamaşaçılar üçün bağlanıb

Sürüşmə zonasında yerləşən Quba Tarix-Diyarşünaslıq Muzeyi tamaşaçılar üçün bağlanıb
# 18 may 2010 15:27 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən Quba Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası tamaşaçılar üçün bağlanıb. APA-nın şimal bürosunun xəbərinə görə, buna səbəb muzey binasında qəza vəziyyətinin yaranmasıdır. Binanın çay sahilində yerləşməsi, son illərdə isə həmin ərazinin sürüşmə zonasına çevrilməsi təhlükəli vəziyyət yaradıb. Uçurumun yaxınlığındakı otaqların divarlarında iri çatlar əmələ gəlib. Mövcud vəziyyət həm binaya daxil olan insanların həyatı, həm də otaqlardakı eksponatların mühafizəsi üçün ciddi təhlükə doğurur. Muzey eksponatları müvəqqəti olaraq binanın nisbətən salamat olan otaqlarına yığılıb. Muzey əməkdaşları da hələlik yalnız bir otaqda toplaşdıqlarını bildirir. Quba rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Elxan Məhərrəmov APA-nın şimal bürosuna bildirib ki, yeni muzey binasının tikintisi üçün İcra Hakimiyyəti tərəfindən müvafiq torpaq sahəsi ayrılıb. İnşaat işlərinin 2010-2011-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur. Qəza vəziyyətinə düşən XIX əsrə aid maddi mədəniyyət abidəsinin aqibəti haqqında isə hələlik konkret məlumat verilmir.

Qeyd edək ki, vaxtilə bu binada XIX əsrin görkəmli Azərbaycan filosof – yazıçısı Abbasqulu Ağa Bakıxanov yaşayıb. 1943-cü ildən isə Quba Tarix-Diyarşünaslıq Muzeyi bu binada yerləşir. İstifadəyə verildiyi 200 ilə yaxın müddət ərzində binada heç vaxt əsaslı təmir işləri aparılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR