Bank Of Baku

Bəstəkarlar İttifaqında musiqiçi Arif Əsədullayevin “İnstrumental muğam” not kitabının təqdimatı keçirilib

Bəstəkarlar İttifaqında musiqiçi Arif Əsədullayevin “İnstrumental muğam” not kitabının təqdimatı keçirilib
# 08 iyun 2010 14:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda II Beynəlxalq Muğam Festivalı ərəfəsində tanınmış musiqiçi Arif Əsədullayevin “İnstrumental muğam” not kitabının təqdimatı keçirilib. Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Arif Əsədullayevin “İnstrumental muğam” not kitabı 2009-cu ildə çap olunub. Bəstəkarlar İttifaqının katibi, xalq artisti, professor Ramiz Zöhrabovun elmi redaktoru olduğu 168 səhifəlik kitabda müəllifin nota saldığı “Rast”, “Şur”, “Zabul Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Humayun” instrumental muğamları ətraflı şəkildə, not halında təqdim edilir. Kitabın ərsəyə gəlməsi üçün A. Əsədullayev 10 ilə yaxın əmək və vaxt sərf edib.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə II Beynəlxalq Muğam Festivalı ərəfəsində belə bir mərasimə ev sahibliyi etməkdən məmnunluq duyduğunu söyləyib: “Arif Əsədullayev bütün ömrünü kamança sənətini öyrənməyə həsr edən, onun təbliğində böyük işlər görən bir sənətkardır. Təsadüfi deyil ki, Arif müəllimin ailəsi də həyatını kamançaya həsr edib. Onun xanımı, xalq artisti Şəfiqə Eyvazova böyük sənətkar kimi ölkəmizin hüdudlarından kənarda da tanınır”.

Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Cəmilə Həsənova, akademik Vasim Məmmədəliyev də çıxış ediblər. Xalq artisti Şəfiqə Eyvazova, xanəndə Qəzənfər Abbasovun solistliyi ilə muğam triosu və gənc kaman ifaçısı Mehri Əsədullayevanın ifasında səslənən musiqilər alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR