Bank Of Baku

Əbülfəs Qarayev: “Biz kitabxanaların kiminsə əlinə keçməsinə imkan vermirik və verməyəcəyik”

Əbülfəs Qarayev: “Biz kitabxanaların kiminsə əlinə keçməsinə imkan vermirik və verməyəcəyik”
# 21 sentyabr 2010 16:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bəzən bizi günahlandırırlar ki, haradasa kitabxana bağlandı, haradasa kitabxana kiminsə əlinə keçdi. Biz kitabxanaların kiminsə əlinə keçməsinə imkan vermirik və verməyəcəyik. Lakin elə yerlər var ki, bir küçədə üç kitabxana yerləşir, onların fondları tamam deyil, eləcə də onların işi bir-birini tamamlamır. Bir küçədə üç kitabxana saxlamağa zərurət də yoxdu”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bu yolla dövlət büdcəsinə də qənaət edilir: “Biz dövlət büdcəsinə də qənaət etməliyik. Kitabxanalarda işin təşkilini daha yüksək formada qurmalı, insanların əmək haqlarının artırılması üçün maliyyə imkanlarını araşdırmalıyıq. Ona görə də bu cür hallara təəccüblənmək lazım deyil”.

Nazirin sözlərinə görə, hazırda M. F. Axundov adına Milli Kitabxananın yenidən qurulması ilə bağlı ciddi işlər aparılır: “Artıq 14 rayonda müasir kitabxana-informasiya mərkəzləri yaradılıb, kitabxana şəbəkəsinin vahid internet və informasiya şəbəkəsinə daxil olması üçün böyük işlər görülür. Arzumuz odur ki, növbəti 4-5 il ərzində Azərbaycanda olan bütün kitab fondu müasir rəqəmsal daşıyıcılara keçirilsin, eyni zamanda Azərbaycanın bütün mərkəzi rayon - şəbəkə kitabxanaları milli kitabxanamızla və sahə kitabxanaları ilə vahid şəbəkəyə daxil olsun. Bu məqsədlə təkliflər hazırlayırıq”.

Ə. Qarayev bu layihənin gələn ilin büdcəsi hesabına həyata keçiriləcəyini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR