Bank Of Baku

Bu gün İranda Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək

Bu gün İranda Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək
# 25 sentyabr 2010 11:22 (UTC +04:00)
APA-nın məlumatına görə, Mədəniyyət Günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında geniş nümayəndə heyəti qonşu ölkədə səfərdədir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov, rejissor Ziya Şıxlinski və digər şəxslər daxildir.

Mədəniyyət Günləri çərçivəsində xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları nəzərdə tutulub. Tehran və Təbriz şəhərlərində təşkil olunacaq tədbirlərdə muğam ifaçıları - xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov, vokalçılar Samir Cəfərov, Anar Hüseynli, aşıq Nemət Qasımov, şairlər Adil Cəmil, Taleh Babayev və başqa sənətçilərin çıxışları nəzərdə tutulur. Musiqiçiləri əməkdar artistlər Mircavad Cəfərov (ud), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edəcəklər.

Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunacaq. İranlı tamaşaçılar Elçin Musaoğlunun “40-cı qapı” bədii filmi və Şamil Əliyevin “İz...Qala”, Emil Mirabdullayevin “Azərbaycan muğamı”, Ziya Şıxlinskinin “Azərbaycan musiqisi” sənədli filmlərinə baxa biləcəklər. İranda Azərbaycan Mədəniyyət Günlərinə sentyabrın 30-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR