Bank Of Baku

Azərbaycanda kitabxanalar və kitabxanaçılar üçün ilk müsabiqə təşkil olunur

Azərbaycanda kitabxanalar və kitabxanaçılar üçün ilk müsabiqə təşkil olunur
# 22 oktyabr 2010 12:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi haqqında əsasnamələr Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunub. “İlin kitabxanası” baxış-müsabiqəsinin keçirilməsində məqsəd şəhərin, rayonun, kəndin həyatında kitabxanaların rolunun artırılması, Azərbaycanın kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi, kitabxanaçı peşəsinə və bütövlükdə kitabxanaların fəaliyyətinə ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətinin cəlb edilməsi və digər məsələlərdir. “İlin kitabxanası” baxış-müsabiqəsində şəhər (rayon) mərkəzi kitabxanası, Uşaq kitabxanası, kənd kitabxana filialı nominasiyaları mövcuddur. “İlin kitabxanaçısı” respublika müsabiqəsi ictimai şüurda kitabxanaların mədəniyyət və təhsil sisteminin ayrılmaz tərkib hissəsi olması haqqında təsəvvür formalaşdırılması, kitabxana işçilərinin öz imkanlarını reallaşdırması, onların yaradıcılıq potensialının üzə çıxarılması üçün şərait yaradılması, habelə kitabxanaçı peşəsinin nüfuzunun artması məqsədi ilə keçirilir. Müsabiqələrin qalibləri nazirliyin fəxri fərmanı, pul mükafatları ilə təltif ediləcək, habelə kitabxana-informasiya sahəsində keçirilən beynəlxalq “Krım” və “Anapa” konfranslarında iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, kitabxanalar və kitabxanaçılar üçün ilk müsabiqə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR