Bank Of Baku

Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın və sərginin açılışı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın və sərginin açılışı keçirilib
# 01 noyabr 2010 09:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş “Muzeylər və mədəni irs” beynəlxalq elmi konfransın və sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, 50-dək tarixçi, muzeyşünas, sənətşünas, alim və mütəxəssisin iştirakı ilə baş tutan toplantını Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıb. O, çıxışında muzeyin 90 illik fəaliyyətinə nəzər salıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Tarix Muzeyinin çox zəngin tarixə malik olduğunu qeyd edib: “Son zamanlar Tarix Muzeyi yeni bir dövr yaşayır. Əsaslı təmir və bərpa işlərindən sonra bu muzeydə yeni ən müasir ekspozisiyalar təşkil olunub. Eyni zamanda Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi bərpa olunub və istifadəyə verilib”.

M. Kərimov deyib ki, noyabrın 3-dək davam edəcək beynəlxalq konfrans zamanı təcrübə mübadiləsi həyata keçiriləcək, həmçinin yeni əlaqələr qurulacaq. AMEA prezidenti bu tipli elmi konfranslarının keçirilməsinin əhəmiyyətini də qeyd edib.
Konfransın açılışında TÜrkiyə Respublikasının nümayəndə heyəti adından Topqapı Sarayı Muzeyinin baş mühafizi Sibel Alparslan Arça, Rusiya Federasiyasının nümayəndə heyətinin adından Dağıstan Dövlət Universitetinin Yeni və ən yeni dövr vətən tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Artur Dalqatov çıxış ediblər. Qonaqlar Azərbaycanda təşkil olunan beynəlxalq tədbiri yüksək qiymətləndiriblər.

Beynəlxalq konfransda Rusiya, Türkiyə, İran, Gürcüstan, Misir, Şimali Kipr Türk Cümhuriyyəti, Ukraynadan gələn qonaqlar da iştirak edir. İştirakçılar əvvəlcə muzeyin 90 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar. Konfrans “Muzeylər-mədəni irsin daşıyıcısı və qoruyucusu”, “Muzeylər və mədəni irsin tədqiqi”, “Mədəni irsin təbliği, mühafizəsi və muzeylər” bölmələrində işini davam etdirəcək.
Tədbirdə 43 məruzənin dinlənilməsi planlaşdırılıb. Konfrans iştirakçılarının muzeyin ekspozisiyası ilə tanışlığı, habelə İçərişəhərə, Atəşgaha, Mərdəkan qalasına ekskursiyaları da nəzərdə tutulub.

“Muzeylər və mədəni irs” beynəlxalq elmi konfrans işini noyabrın 3-də yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR