Bank Of Baku

137 yaşlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra – REPORTAJ – FOTOSESSİYA

137 yaşlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra – <font color=red>REPORTAJ – FOTOSESSİYA </font>
# 03 noyabr 2010 10:40 (UTC +04:00)
APA-nın əməkdaşı əsaslı təmiri başa çatsa da, qapıları hələ də tamaşaçıların üzünə bağlı olan Akademik Milli Dram Teatrının yeni binasından xüsusi reportaj və fotosessiya hazırlayıb.

İlk əvvəl qeyd etmək lazımdır ki, 4 mərtəbəli teatr binasında əsaslı təmir zamanı bütün texniki və işıq avadanlıqları dəyişdirilib, binanın görünüşündə çoxsaylı yeniliklər edilib. Əsaslı təmir-bərpa işlərində teatrın ərazisi 1000 kvadrat metr artırılıb. Teatrın həyətyanı sahəsi böyüdülüb, binanın arxa həyətyanı hissəsində yeni iki mərtəbəli bina inşa edilib. Həmin iki mərtəbəli binada xüsusi qonaq evi və sexlər yerləşir. Sexlərdə kostyumların tikilişi, kimyəvi təmizlənmə, geyinib-soyunma otaqları yerləşir, arxa həyətin digər hissəsində səhnə tərtibatlarının hazırlanması üçün dülgər sexi yaradılıb. Teatrın həyətini və tam yeni formada əsaslı təmir olunan binanı gəzərkən köhnə ab-havadan əsər-əlamət qalmadığının şahidi olursan. Teatrın ön və arxa həyətindən başlayaraq çardağa qədər müasirlik, yenilik və təmizlik sözün həqiqi mənasında xoşagələndir.

Teatrın fasad hissəsinə yeni üzlük vurulub, dam örtüyü dəyişdirilib. Təmir və yenidənqurma zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. Arxa həyətdə 360 kvadrat metrlik xüsusi su anbarının yerləşdirilməsi, yeni ağacların əkilməsi, arxa qapıdan girişin müasir avadanlıqlar və bütün teatra nəzarət edən monitorlarla təchizi və yeni işçilərin cəlb edilməsi də xüsusi qeyd olunmalıdır. Teatrın önündəki Məhəmməd Füzulinin heykəli yerləşən meydanın da təmiri və təmizlənməsi, eləcə də teatrın önündə artıq “Azərbaycan Dövlət Akademik Milli Teatrı” deyil, “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı” sözünün yazılması diqqətimizi cəlb edir.

Milli Dram Teatrının əsaslı təmiri iki il müddətinə davam edib. Əsaslı təmir “Sanur Holding” yerli şirkəti tərəfindən həyata keçirilib. Ancaq quraşdırılan texniki və işıq avadanlıqları, digər lazım olan vasitələr Almaniya və Avstriyadan xüsusi olaraq gətirilib. Teatrımızın əsaslı təmirində xüsusi alman mütəxəssisləri iştirak edib ki, onlar hazırda da teatrda fəaliyyət göstərirlər. Əsaslı təmir zamanı teatr binasının əsas görünüşünə toxunulmayıb, ancaq binanın üzərində təmizlənmə işləri aparılıb. Teatrda əsasən qəhvəyi rəngin müxtəlif çalarlarından istifadə olunub. Teatrın pilləkənləri, divarları, döşəməsi açıq və tünd rəngli qəhvəyi rəngli mərmərdən hazırlanıb və üzərlərində qızılı rəngli əl işləmələri var. Teatrın foyesində çoxsaylı güzgülər, çil-çıraqlar mədəniyyət ocağını daha da mükəmməlləşdirib. Birinci mərtəbədə qarderob, müxtəlif otaqlar da yerləşdirilib.

Teatrın ikinci mərtəbəsində uzun illərdir çoxsaylı tamaşaçını qarşılayan tamaşaçı zalında da xeyli dəyişiklik var. İlk olaraq qeyd etmək lazımdır ki, təmirdən öncə 664 oturacağı olan tamaşaçı zalında hazırda 564 oturacaq var. Bunun səbəbi kimi həm oturacaqlarının ölçüsünün böyüklüyü, həm də zala giriş hissəsinin və oturacaqlar arası məsafənin tamaşaçıların daha rahat hərəkət etməsi üçün böyüdülməsi göstərilir. Tamaşaçı zalında yerləşdirilən oturacaqlar qəhvəyi rəngdədir. Bu günə qədər bir çox unudulmaz aktyor və aktrisaların oynadığı möhtəşəm səhnədə də çoxsaylı dəyişiklər edilib. Səhnədə quraşdırılan yeni işıq və texniki avadanlıqlar tam müasir standartlara cavab verir. Bu müasir avadanlıqları isə hələ də alman mütəxəssisləri idarə edir. Aldığımız məlumata görə, alman mütəxəssislər hələ bir müddət də Milli Teatrımızda fəaliyyət göstərəcəklər və bu müddət ərzində yerli texnoloqlara təcrübə keçib, onlara bu avadanlıqlarla da işləməyi öyrədəcəklər. Teatrda quraşdırılan səs avadanlıqlarının hamısı Almaniyanın məşhur “Salzbrenner Stagetec Media Group”dan alınıb. Bu şirkətin nümayəndələri noyabrın 4-dən 15 gün müddətində Azərbaycanda yerli mütəxəssislərə təcrübə keçəcəklər. Bu məqsədlə alman mütəxəssisləri Azərbaycana gələcək. Təcrübə prosesi daha sonra Almaniyada davam etdiriləcək və noyabrın ikinci on günlüyündə teatrın bir neçə texnoloqu Almaniyaya ezam olunacaq. Həmin texniki avadanlıqlar dünyanın ən məşhur teatr və konsert salonlarında, eləcə də BBC kimi məşhur telekanalında istifadə olunur. Sözügedən səs yazımı avadanlığı Azərbaycan teatrlarından yalnız Akademik Milli Dram Teatrındadır. Çox baha qiymətə alınan bu pultdan teatrda ikisi quraşdırılıb – onlardan biri səhnənin idarə edilməsi üçün, ikincisi isə səsyazma üçün istifadə olunacaq.

Teatrda aktyorların rahatlığını təmin etmək üçün lazımi bütün əşyalarla təchiz edilmiş 25 qrim otağı da var. Əvvəllər kiçik səhnə adlanan məkan isə artıq studiya adı altında fəaliyyət göstərəcək. Teatrın dördüncü mərtəbəsində yerləşən studiya konfransların, tədbirlərin keçirilməsi üçün əlverişli bir məkan hesab olunur. Studiyada 130 oturacaq yerləşdirilib. 1873-cü ildən fəaliyyət göstərən 137 yaşlı teatrın tarixini, eyni zamanda bu teatrda çalışan mötəbər aktyor heyətinin yaradıcılığını əks etdirən xüsusi muzey də fəaliyyət göstərəcək. Binada iki qonaq otağı da hazırlanıb ki, bu otaqlardan biri dövlət başçısını, digəri isə başqa qonaqları qəbul etmək üçün nəzərdə tutulub. Teatr binasında yeniliklərdən biri də tamaşaçı zalının çıxışında çox aydın şüşələrin quraşdırılmasıdır. Əvvəllər həmin məkan şüşədən hazırlansa da, şəhəri görmək qeyri-mümkün idi. Ancaq əsaslı təmir zamanı bu şüşələr yenilənib və şəhəri açıq-aydın seyr etmək olur.

Hazırda teatr qapılarını tamaşaçıların üzünə açmağa hazırlaşır. Ancaq teatrda tamaşa nümayişindən əvvəl Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Teatr Festivalı təşkil olunacaq. Teatrda hazırda bu festivala hazırlıq prosesi gedir. Artıq səhnədə festivalın xüsusi plakatı, çıxışçılar üçün tribuna və oturacaqlar da qoyulub. Hazırda teatrda qalan xırda işlər davam etdirilir və noyabrın 9-na tam şəkildə hazır olacaq. Artıq müasir standartlara tam cavab verən Azərbaycanın Milli Dram Teatr səhnəsində gözəl tamaşaların hazırlanacağına ümid edirik.

Qeyd edək ki, prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılıb. Teatrda yeni tamaşaların nümayişinə gələn ilin martında başlanması nəzərdə tutulur. Bu prosesə teatrda islahatlar başa çatdıqdan sonra başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR