Bank Of Baku

Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri Yavər Rzayev: “Obyektivliyə tam riayət edəcəyik”

Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri Yavər Rzayev: “Obyektivliyə tam riayət edəcəyik”
# 23 noyabr 2010 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Tələbə və Gənclərin VII “Start” Beynəlxalq Film Festivalında ən layiqli filmlər qalib gələcək. Biz - beş nəfərdən ibarət münsiflər heyəti obyektivliyə tam riayət edəcəyik, bununla bağlı nə isə deməyə belə ehtiyac yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Tələbə və Gənclərin VII “Start” Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri, rejissor Yavər Rzayev deyib. O, bir münsif rəhbəri kimi gənclərin sənətə peşəkarlıq baxımından nə dərəcədə meylli olmaları, mövzulara yanaşmalarının ona maraqlı gəldiyini söyləyib: “Bu festivalda ilk dəfədir ki, münsif kimi təmsil olunuram. Çalışacağam ki, istedadlı gənclərə dəstək olaq. Fikrimcə, festivala Azərbaycandan təqdim olunan filmlər digərləri ilə rəqabət apara biləcək”.

Münsiflər heyətində təmsil olunan gürcüstanlı kino xadimi David Caniledze Azərbaycanda VII dəfədir keçirilən bu festivalı yüksək qiymətləndirib: “Hər birimiz üçün yaxşı film önəm daşıyacaq və seçimlərdə buna önəm verəcəyik. Gənclərin ustalığı, istedadına baxacağıq, hər halda istedadlı gənclər bu festivaldan əliboş getməyəcəklər. Gördüklərini necə görürlər, bunu necə anlayır və ekran əsərinə çevirirlər, bütün bunlar çox önəmlidir”.

Qeyd edək ki, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və “CİNEMA” Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən festivalın münsiflər heyətinə Yavər Rzayev sədrlik edir. Münsiflər heyətində Aygün Aslanlı (Azərbaycan), Rodion İsmayılov (Rusiya), Nadir Saivən (İran) və David Caniledze (Gürcüstan) təmsil olunur. Noyabrın 24-dək davam edəcək kinoforumda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı filmlər nümayiş olunacaq. Festivalın informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR