Bank Of Baku

Jerar Depardyeyə Azərbaycan xalçası hədiyyə edilib

Jerar Depardyeyə Azərbaycan xalçası hədiyyə edilib
# 14 dekabr 2010 12:43 (UTC +04:00)
APA-nın məlumatına görə, məşhur fransalı aktyor Azərbaycan kinosu haqqında gəldiyi nəticəni açıqlayıb: “Gəldiyim nəticə odur ki, Azərbaycanda bədii filmlərin istehsalına ehtiyac var. Ölkənizdə il ərzində neçə filmin istehsal olunduğunda xəbərsizəm. Amma burada kino sahəsində işlər görməyə çalışacağıq və mən burada görmək istədiyim işlər haqqında dövlət başçısına da məlumat verdim”.

J. Depardye dünyada kino sahəsində həyata keçirilən layihələrdən, eyni zamanda Amerikada kino sahəsinin inkişafının səbəbləri haqqında da danışıb. Azərbaycanda bir sıra bədii filmlərin istehsalını düşündüyünü söyləyən aktyor, bu layihələrə italyan, alman, eyni zamanda fransız aktyorların cəlb olunacağını da açıqlayıb: “Azərbaycanda çəkilməsi nəzərdə tutulan Aleksandr Düma haqqında film sözsüz ki, Fransada da nümayiş etdiriləcək. Bu cür layihələrin həyata keçirilməsi ölkə üçün vacibdir. Kino və teatr, ümumiyyətlə, bütün mədəniyyət ölkənin əsas siyasəti olmalıdır. Kino ilə ölkəni bütün dünyaya tanıtmaq olar. Düşünürəm ki, Azərbaycan uzun illər sovet rejimində yaşamasaydı, bu cür ləngimələr olmazdı”.

J. Depardye Azərbaycan kino işçiləri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib: “Mən azərbaycanlı müəlliflərin sənədlərini, məlumatlarını görmək istəyirəm. Bu məlumatlar internetdə yer alan məlumatlardan fərqli olmalıdır. Mənə internet materialı yox, sizlərin təxəyyülünüzün məhsulu lazımdır. Ümumiyyətlə, hər şeyi internetdən almaq düzgün deyil. Sözün düzü, özüm heç internetdən istifadə etmirəm, sadəcə, istifadə edənlərdən məlumatlar alıram və bu məni heç qane etmir”.

Daha sonra qonaq Azərbaycan kino işçilərinin suallarını cavablandırıb. Görüşdən sonra Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev dekabrın 27-də doğum gününü qeyd edəcək aktyora Azərbaycan xalçası hədiyyə edib.

Qeyd edək ki, aktyorun Azərbaycana səfəri dekabrın 16-da başa çatacaq. J. Depardyenin bu gün Qəbələ rayonuna səfəri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR