Bank Of Baku

Mehriban Əliyeva: “Azərbaycanda “Eurovision” müsabiqəsinin layiqincə təşkil olunması üçün mümkün olan hər şey edilir”

Mehriban Əliyeva: “Azərbaycanda “Eurovision” müsabiqəsinin layiqincə təşkil olunması üçün mümkün olan hər şey edilir”
# 19 mart 2012 16:17 (UTC +04:00)
Bakı-APA. “Bu gün hamımız böyük ümumavropa musiqi bayramını gözləyirik”. APA-nın məlumatına görə, bunu “Eurovision-2012" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva deyib.
M. Əliyeva bildirib ki, müsabiqənin Azərbaycanda keçirilməsi faktının özü ötən il müsabiqədə iştirak etmiş duetin qazandığı qələbənin nəticəsi, həm də ifaçıların, onların qalib çıxışının hazırlanmasında iştirak edənlərin böyük uğurudur.

Birinci xanım deyib ki, əsas məqsəd “Eurovision-2012" müsabiqəsini layiqli keçirməkdir: “Bu, müsabiqənin iştirakçılarının, qonaqların, tamaşaçıların əksəriyyəti üçün ölkəmizlə ilk tanışlıq olacaq. Əminəm ki, müsabiqə bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcək. Çoxsaylı qonaqlarımız Bakının necə gözəl olduğunu görəcək, tarixi və mədəniyyət abidələri ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Xalqımızın mehribanlığına və qonaqpərvərliyinin şahidi olacaqlar”.

M. Əliyeva qeyd edib ki, qonaqların Odlar Yurdunu tərk edərkən
qəlblərində alov zərrəciyi aparacaqlarına əmindir: “Axı, "Öz məşəlini alovlandır" sözləri nahaq yerə müsabiqəmizin devizi olmayıb”.
Təşkilat Komitəsinin sədri müsabiqəyə hazırlıq üçün yalnız bir il vaxt olduğunu, bunun üçün də qələbənin ilk günlərindən hazırlıq işlərinə başlanıldığını deyib: “Müsabiqənin uğurla keçirilməsi məqsədilə dövlət idarələrinin zəruri işlərinin əlaqələndirilməsi ilə bağlı məsələlərin həllinə dəstək göstərmək üçün dərhal Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsi hazırda işçi qrupla sıx əlaqədə işləyir. İndi həmin iş artıq başa çatmaq üzrədir”.

Birinci xanım müsabiqəyə hazırlığın səviyyəsi və keyfiyyəti barədə yalnız müsabiqə başa çatandan sonra mühakimə yürütməyin mümkünlüyünü deyib: “Hələlik ən etibarlı və obyektiv meyar, fikrimcə, Avropa Yayımları Birliyinin nümayəndələrinin və ekspertlərinin fikirləridir. Onlar ölkəmizin bu müsabiqəyə hazırlıq səviyyəsini çox yüksək qiymətləndirirlər”.

M. Əliyeva vurğulayıb ki, Təşkilat Komitəsinə daxil olan idarələrin qarşısında şəhər infrastrukturlarının modernləşdirilməsi, kommunikasiya texnologiyalarının genişləndirilməsi, qonaqların və müsabiqə iştirakçılarının rahat yerləşdirilməsinə istiqamətlənmiş konkret tapşırıqlar qoyulub: “Mövcud hotellərin vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, paytaxtda yeni mehmanxanalar tikilir, avtomobil magistrallarının yaxşılaşdırılması üzrə işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, müsabiqə iştirakçıları və qonaqlar üçün vizaların alınması prosesi sadələşdirilib. Daha doğrusu, Azərbaycanda bu müsabiqənin layiqincə qəbul edilməsi və təşkil olunması üçün mümkün olan hər şey edilir”.
Təşkilat Komitəsinin sədri deyib ki, Bakı şounun keçirilməsi üçün üç yer təqdim edib: “Onlardan biri "Bakı Kristal Zalı" idi. Habelə, qeyd etməyə dəyər ki, "Bakı Kristal Zalı" 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üzrə ölkəmizin verdiyi ərizə çərçivəsində idman arenalarının siyahısına daxil edilib. "Bakı Kristal Zalı" Dövlət Bayrağı Meydanının lap yaxınlığında yerləşir və oradan şəhərin möhtəşəm mənzərəsi açılır. Bu kompleks Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacaq. Onun arxitekturası Şərqlə Qərb arasında körpüdür. Bu binanın divarlarına çoxsaylı kristallar bərkidiləcək və onlarda işığın rəqsi tamamilə təəccüblü vizual effektlər yaradacaq. Əminəm ki, həm yerli, həm də xarici mütəxəssislərin səyləri sayəsində bu möhtəşəm arenanın tikintisi vaxtında başa çatdırılacaq. Kompleksin yanında bu müsabiqəni işıqlandırmaq istəyən jurnalistlər üçün mətbuat mərkəzi yerləşəcək. Şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacaq ki, burdan müsabiqəni izləmək mümkün olacaq. "Eurovision" ilə eyni vaxtda digər mədəni tədbirlər də keçiriləcək. Bu gün həmin tədbirlərin siyahısı dəqiqləşdirilir. Müsabiqə başlayanadək Dövlət Bayrağı Meydanına qədər uzanacaq "Yeni bulvar"ın tikintisi başa çatdırılacaq”.

M. Əliyeva son vaxtlar bəzi KİV-də "Eurovision"-a hazırlıqla bağlı evlərin sökülməsi nəticəsində yaranan problemlərdən yazılmasına da münasibət bildirib: “Çox təəssüf ki, qarşıdakı müsabiqəyə həsr edilmiş məqalələrin müəlliflərinin heç də hamısı ümumiyyətlə yazmağa başladıqları məsələ haqqında kifayət qədər səriştəli deyil. Hər şeydən əvvəl bir daha qeyd etmək istəyirəm ki, evlərin sökülməsinin "Eurovision"-a hazırlıqla heç bir əlaqəsi yoxdur. Bu gün doğma Bakımızın mənzərəsi dəyişir, paytaxtda yeni parklar salınır, yollar çəkilir, yaşayış və ofis kompleksləri ucaldılır”.
Birinci xanım qeyd edib ki, Azərbaycanda yenidənqurma işləri təmsilçilərimiz "Eurovision"-da qələbə qazanmazdan əvvəl başlayıb, müsabiqə başa çatdıqdan sonra da davam edəcək: “Bu məsələnin "Eurovision"-la heç bir əlaqəsi yoxdur. Lakin belə miqyaslı işlərin həyata keçirilməsi zamanı, mütəxəssislərin dediyi kimi, çox vaxt torpaqların özgəninkiləşdirilməsi və mənzillərin, xüsusilə çox köhnə, komfortsuz, azmərtəbəli, müasir tələblərə cavab verməyən mənzillərin sökülməsinə zərurət yaranır... Belə hallar baş verib, baş verir və sizi inandırım ki, praktiki olaraq yeni yolların çəkildiyi, evlərin tikildiyi və ya yeni metro xətlərinin çəkildiyi hər yerdə baş verəcək. Əmin edirəm ki, Azərbaycanda hər şey qanuna uyğun edilir. Evləri sökülən sakinlərə kompensasiya ödənilir, onlara yeni mənzillər təklif edilir. Çoxlu sayda ailə köçürüləndə mütləq narazı qalanlar da olacaq. Bu, həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Onlarla şəxsdən biri bazarla müəyyən edilmiş kompensasiyanın həcmindən razı qalmaya bilər. Halbuki kompensasiya hamıya bərabər həcmdə ödənilir. Köçürülmə zamanı kömək göstərilməsində və ya müvafiq şəraitin yaradılmasında kifayət qədər nəzakətli olmayan aşağı rütbəli məmurların lüzumsuz hərəkətlərə cəhdi də ola bilər. Belə hallar təbii ki, tutduğu vəzifədən asılı olmayaraq, hamının qarşısında eyni olduğu qanuna uyğun nəzərdən keçirilməlidir”.

M. Əliyeva bu məsələdə "orta yanaşma"nın qəbuledilməz olduğunu bildirib: “Üstəlik, böyük səs-küy xətrinə bu problemi evlərin sökülməsi ilə əlaqəsi olmayan "Eurovision"-la bağlamaq xoş hal deyil. Hətta Avropa Yayımları Birliyi olduqca hörmətli və nüfuzlu xarici KİV-i rəsmən xəbərdar etmişdi ki, "Eurovision" müsabiqəsi haqqında qeyri-obyektiv və qərəzli materiallar yaymaq lazım deyil. Üstəlik, bu proseslərə siyasi məna vermək cəhdi heyrətləndirir və məyus edir. Çoxları üçün Avropa estrada mahnı müsabiqəsi böyük və gözəl bayramdır, bəziləri üçün isə siyasi təxribat yaratmaq bəhanəsidir. Buna hazır olmaq lazımdır. Mən əminəm ki, bizim və daha 40-dan artıq iştirakçı ölkənin bu bayram əhvalını pozmaq mümkün olmayacaq. Xüsusən xoşdur ki, vətəndaş cəmiyyətində fəal olan gənclər vətəndaşları müsabiqənin keçirilməsini dəstəkləməyə çağıran təşəbbüsə başlayıblar. Bu çağırışı çoxsaylı tanınmış insanlar da dəstəkləyib. Bu mövqe vətəndaşlarımızın Azərbaycanda müsabiqənin keçirilməsinə əsl münasibətini daha yaxşı nümayiş etdirir”.

Təşkilat Komitəsinin sədri Ermənistanın bu il keçiriləcək müsabiqədən imtina etməsi ilə bağlı xəbərə də münasibət bildirib: “Məndə və fikrimcə, çoxlarında erməni tərəfinin belə qərarı anlaşılmazlıq yaradır. Avropa Yayımları Birliyi və Azərbaycan hakimiyyəti dəfələrlə təsdiq edib ki, Ermənistan da daxil olmaqla, bütün ölkələrin müsabiqə təmsilçilərinin və qonaqların təhlükəsizliyinə zəmanət verilir. Ermənistanın rəsmi nümayəndə heyətləri beynəlxalq görüşlərdə, konfranslarda, forumlarda və idman yarışlarında iştirak etmək üçün bir neçə dəfə Azərbaycana gəliblər və Azərbaycan hakimiyyəti bu ölkənin nümayəndə heyəti üzvlərinin təhlükəsizliyini həmişə təmin edib. Və mən şübhə etmirəm ki, "Eurovision" müsabiqəsində ermənistanlı qonaqlar və iştirakçıların təhlükəsizliyi həmişə olduğu kimi tam təmin ediləcəkdi. Lakin Yerevanda əvvəlcə vəd verdilər ki, müsabiqədə iştirak edəcəklər, təhlükəsizlik zəmanəti tələb etdilər, bu zəmanəti aldılar, sonradan bəyan etdilər ki, "Eurovision"-da iştirak etməyəcəklər. Hesab edirəm ki, bu, həm müsabiqə iştirakçılarına, həm də Ermənistanın müsabiqədə təhlükəsiz iştirakı üçün çox səy göstərən Avropa Yayımları Birliyinə hörmətsizlikdir. Şübhəsiz ki, Avropa Yayımları Birliyinin üzvü olan hər bir ölkənin müsabiqədə iştirakdan imtina etməsinə görə öz səbəbləri ola bilər. Lakin təəccüb və təəssüf doğuran odur ki, Yerevanda "Eurovision"-da iştirakdan imtinanı Azərbaycanın ünvanına heç bir əsası olmayan çoxsaylı ittihamlarla müşayiət etməyə cəhd göstərirlər. Deyirlər ki, həyatda qələbəyə can atmaq lazımdır, lakin bəzən məğlub olmağı bacarmaq da lazımdır. Bəzən öz uğursuzluğunu yaşamaq özgə qələbələrə tabe olmaqdan daha asandır. Təəssüf ki, Azərbaycanda da "ölkə üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır" prinsipi üzrə uzun müddət yaşayan və fəaliyyət göstərən kateqoriyalı insanlar var. Onların ictimai və siyasi fəaliyyətlərinin məqsədi Azərbaycanda baş verən bütün müsbət hadisələrə qara yaxmaq cəhdidir. Elə bizim "Eurovision"-dakı qələbəmizi də bu insanlar şəxsi faciə kimi qəbul etdilər. Xoşbəxtlikdən belə insanlar cəmiyyətimizin mütləq azlığını təşkil edir və onların Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinə mane olmaq cəhdləri uğursuzluğa məhkumdur”.

M. Əliyeva “Eurovision-2012”-nin iştirakçılarını və müsabiqəni izləmək istəyənləri Bakıya dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR