“Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumunun birinci və ikinci paneli yekunlaşıb.
APA xəbər verir ki, forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Forumun "İdeologiya, Milli kino - dünən, bu gün və sabah" adlanan birinci panelində "Mədəniyyət siyasətində kinonun rolu, milli kinoda mövzu seçimi, cəmiyyətin gözləntisi və dövlət sifarişi, kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri" mövzuları müzakirə edilib.
Yaradıcılıq, müasir Azərbaycan kinosunun perspektivləri adlı ikinci paneldə" müəllif kinosunda uğur meyarları, kinofestivallar və kinofondlar - müştərək istehsal üçün zəruri platforma, satış potensialı az olan filmlər üçün dəstək" mövzuları müzakirə edilib, problemlərin həll yolları səsləndirilib.
Forum sabah "Biznes, kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" adlı 3-cü və "Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" adlı 4-cü panellə işini davam etdirəcək. Mövzularda kino sahəsində normativ – hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, "Azərbaycanfilm" kinostudiyanın 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsiplərinin müzakirə edilməsi və nəzərdə tutulub. Həmçinin panel iştirakçıları arasında xarici qonaqların da yer alacağı gözlənilir.
***
11:08
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu başlayıb.
APA xəbər verir ki, forumda ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edir.
İki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq.