Bank Of Baku

Bakıda “Qədim türk yazı mədəniyyəti” adlı konfrans keçirilib - FOTO

Bakıda “Qədim türk yazı mədəniyyəti” adlı konfrans keçirilib - FOTO
# 16 iyun 2023 11:51 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dövlətlərinin YUNESKO üzrə Milli Komissiyalarının birgə təşkilatçılığı ilə qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov türk dövlətlərinin dostluq-qardaşlıq münasibətlərinə diqqət çəkib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev yazı anlayışının mədəniyyətlə əlaqəsindən danışıb: "Yazı mədəniyyət deməkdir. Yazı vasitəsilə biz öz tariximizi, dünya görüşümüzü ifadə edirik. 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen tərəfindən türk yazısının oxunması olduqca böyük əhəmiyyətə malikdir".

AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli də, öz növbəsində, türk dünyasında elm, təhsil, mədəni sahədəki uğurların türk yazı mədəniyyəti ilə əlaqəli olduğunu deyib.

"Orxon-Yenisey abidələrini görmək ən böyük ziyarətlərdən biridir".

Akademik tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib: "Elmin gəldiyi qənaət budur ki, Monqolustandakı Orxon-Yenisey abidələri Oğuz türklərinə aiddir. Bu baxımdan, həmin mədəni nümunənin 130 illik yubileyinin Bakıda qeyd olunması, bir növ, varislik hüququdur".

İsa Həbibbəyli qədim türk yazılarına Avropada düzgün qiymət verilmədiyini nəzərə çatdırıb: "Avropada uzun illər Orxon-Yenisey abidələrinə qəbirüstü abidə kimi, salnamə kimi yanaşılıb. Bu baxımdan, Orxon abidələri yenidən öyrənilməlidir".

Türkiyənin YUNESKO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz türk dünyası üçün eşitmə əngəllilərinin də ortaq dilinin olmasının vacibliyindən söz açıb: "Hesab edirəm ki, bu yöndə də çalışmalarımız aparılmalıdır".

Daha sonra mövzu ətrafında müzakirələr davam etdirilib.

Qeyd edək ki, konfrans qədim türk yazısının tədqiqi ilə məşğul olan alimləri bir araya gətirmək, fikir mübadiləsinə təşviq edən platforma yaratmaq məqsədi daşıyır.

Konfransda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Almaniya, Monqolustan və Polşadan olan tanınmış türkoloqlar iştirak edir.

Konfrans öz işini sabah da davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR