Bu gün Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyəti, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, kinematoqrafiya sahəsinə nəzər saldıqda görmək olur ki, 125 il az müddət deyil: "Azərbaycan kinematoqrafiyası çox uğurlu yol keçib və bu, hər kəsə məlumdur. Ümummilli Lider Heydər Əliyev də kinematoqrafiyaya böyük önəm verib”.
Nazir qeyd edib ki, kinematoqrafiya milli adət-ənənələrimizin dünyaya çatdırılmasında, cəmiyyətdə müəyyən mənəvi dəyərlərin formalaşmasında ciddi rol oynayıb.
"Biz birlikdə çalışmalı, əl-ələ verib Azərbaycan kinosunu irəli aparmalıyıq. Bununla bağlı Prezident İlham Əliyevin də xüsusi diqqət və qayğısını görməkdəyik", - deyə o qeyd edib.
Daha sonra kino sahəsində fəaliyyəti ilə seçilənlər mükafatlandırılıblar.
Tədbir “Avanqard” Kamera Orkestrinin konserti ilə davam edib.