Moskvada “Odlar Yurdu-Qəhrəmanlar ölkəsi” adlı Azərbaycan sərgisi keçirilir.
APA-nın Moskva müxbirinin məlumatına görə, DAR Mədəniyyət Mərkəzində keçirilən sərginin açılış mərasimində Mədəniyyət Mərkəzinin direktoru Marat Arslanov və Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev iştirak ediblər.
Sərginin ilk günü qonaqlar Rusiyanın və Azərbaycanın əməkdar rəssamı Əsgər Məmmədovun rəsmlərinin nümayiş olunduğu “Nar dastanı” sərgisinə, eləcə də Azərbaycanın simvolu – Xara Bülbülə həsr olunmuş rəsm qalereyasına baxıblar.
Sərgi iştirakçıları öz fotolarında məscidlərdən və misilsiz Bakı şəhərindən görüntülər çəkən Firuz Cəfərov və Kərim Abbasovun yaradıcılığı ilə də tanış ola bilərlər.
Sərgi çərçivəsində həmçinin Azərbaycanın tarixindən, Azərbaycan xalqının islam dinindən və mədəniyyətindən bəhs edən mühazirələr təşkil olunub.
Qeyd edək ki, “Odlar Yurdu-Qəhrəmanlar ölkəsi” sərgisi noyabrın 27-dək davam edəcək.