Azərbaycan mədəniyyətinin 2020-2040-cı il inkişaf strategiyası sənədi hazırlanır. Ümid edirik bu forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyaya öz töhfəsini verəcək.
APA xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.
“Cəmi 10 gün bundan öncə burada Teatr forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik Kino forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”, - nazir əlavə edib.
O bildirib ki, forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilib: “Burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri müzakirə etmək, eyni zamanda perspektivləri müzakirə etmək, onların həlli yollarını düşünməkdir”.
Nazir vurğulayıb ki, Heydər Əliyevin 100 illiyi çərçivəsində bu il mədəniyyətin digər sahələrinə aid forumlar da keçiriləcək: “ Azərbaycan mədəniyyətinin inkişaf istiqamətində işlər görüləcək, “Azərbaycan mədəniyyətin inkişaf strategiyası 2020-2040” sənədinin hazırlanması istiqamətində fəaliyyəti sizinlə həyata keçirəcəyik. Bu baxımdan forumun böyük əhəmiyyəti var”.
Mədəniyyət naziri qeyd edib ki, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır: ““Kino bizim xalqımızın salnaməsidir” - deyən Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərmişdir. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu Öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf etməyə başlayıb”.
Adil Kərimli vurğulayıb ki, Ümummilli Liderin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılmasına başlanılıb: “Həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edilib.
Azərbaycan Kinosu Gününün təsis edilməsi kimi tarixi bir addım da məhz Ulu öndərin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı ildən hesab olunub. Lakin, Ulu Öndər Heydər Əliyev tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyulub və 18 dekabr 2000-ci il tarixli Sərəncam ilə milli kino tarixinin başlanğıcı 1898-ci il, 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilməyə başlayıb. Bu gün cəmiyyətdə sosial təhsil və maarifləndirmə işinin həyata keçirilməsində, milli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində misilsiz xidmətləri olan Azərbaycan kino sənətinə dövlətimiz tərəfindən, şəxsən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir”.
Nazirin sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən atılan addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq rəqabətə davamlılığın və bir çox beynəlxalq birgə layihələrdə, kino istehsalında iştirakın təmin edilməsi və eləcə də beynəlxalq platformaların tərkib hissəsinə qoşularaq həm Azərbaycan kinematoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdırmanın təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcək: “Bu baxımdan, xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı nəticəsində müxtəlif illərdə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilib”.