Bank Of Baku

Səfir: Qırğızıstan-Azərbaycan əlaqələri getdikcə inkişaf edir - FOTO

Səfir: Qırğızıstan-Azərbaycan əlaqələri getdikcə inkişaf edir - FOTO
# 24 oktyabr 2022 17:23 (UTC +04:00)

Bakıda “Qırğızıstan, Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi keçirilib.

APA xəbər verir ki, tədbirdə Qırğız Respublikasının səfiri Kayrat Osmonaliyev, mədəniyyət adamları və digər şəxslər iştirak ediblər.

Səfir diqqətə çatdırıb ki, sərgi Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib.

Diplomat bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana, bu ilin aprel ayında isə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun isə Azərbaycana ilk rəsmi səfərinin baş tutduğunu xatırladıb.

Onun sözlərinə görə, bu səfərlər zamanı Hökumətlərarası komissiyaların bir sıra çox ciddi tədbirləri keçirilib: “Bu tədbirlər onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər getdikcə inkişaf edir. Biz həmçinin bu səfərlər çərçivəsində strateji əməkdaşlıq barədə razılıq əldə etmişik. Bütün bu münasibətin qorunub saxlanılmasında iqtisadi, siyasi-diplomatik sferada həyata keçirilən tədbirlər çox vacibdir, lakin mədəni-humanitar sferada keçirilən tədbirlər, sözsüz ki, əsasdır. Bununla əlaqədar olaraq, bu gün təşkil olunan sərgi-tədbirin də əhəmiyyətini vurğulamaq istəyirəm”.

Səfir qeyd edib ki, 1993-cü ilin 19 yanvarında diplomatik əlaqələrin təməli qoyulub: “Əlbəttə ki, istənilən tədbir hər zaman maraqlıdır. Bu tədbirin iştirakçıları uşaqlar olduğu üçün olduqca xüsusi tədbirdir. Bu, bizi xeyli dərəcədə şad edir. Azərbaycan və Qırğızıstan arasında olduqca qədim köklərə malik olan əlaqələr var, dilimiz və mədəni ənənələrimiz bir-birinə çox oxşardır. Ümid edirəm ki, biz bu ənənəni davam etdirərək, hazırkı tədbirin eynisi Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycan, Qırğızıstan rəssamlarının gözü ilə” adı altında keçirəcəyik.

Onu da xüsusi qeyd edim ki, sərgidə nümayiş etdirilən rəsmlər arasında Azərbaycan və Qırğızıstan prezidentlərinin şəkilləri xüsusi diqqət cəlb edir”.

Səfir Kayrat Osmonaliyev tədbirdə iştirak etdikləri üçün Azərbaycan Rəssamlar İttifaqına, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, müxtəlif ölkələrin səfirlərinə, media nümayəndələrinə təşəkkür edib.

Onu da qeyd edək ki, sərgidə Qırğızıstan mövzusunda 125 rəsm əsəri nümayiş etdirilib.

Sonda sərgidə nümayiş olunan rəsmlərin müəlliflərinə Qırğızıstan səfirliyi adından diplomlar və müxtəlif hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR