Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxları və verilişləri MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 milyona yaxın tamaşaçı izləyib.
Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan haqqında müxtəlif reklam çarxları və verilişlər hazırlanaraq “Rossiya-1”, “Rossiya-2”, “Moya Planeta”, STS və digər telekanallarda nümayiş olunub: “Verilişlər siyahısına hər biri 26 dəqiqə olmaqla 2 hissədən ibarət “Nespokoynoy noçi” verilişinin Bakı şəhərinin gecə həyatını əks etdirən buraxılışlarını qeyd etmək olar. Həmin buraxılışlar efirə getdiyi gündən etibarən verilişə qısa zaman ərzində “YouTube” vasitəsilə 300 minə yaxın baxış olub. Həmçinin mart ayında ölkəmizdə təntənəli qeyd olunan Novruz bayramı haqqında ümumi 78 dəqiqədən ibarət 3 film hazırlanıb və “Planeta vkusov” layihəsində nümayiş olunub”.
Nazirlikdən əlavə ediblər ki, noyabr ayının əvvəlində Göyçay rayonunda qeyd olunan nar bayramı zamanı Rusiyadan dəvət olunan çəkiliş heyəti tərəfindən geniş veriliş hazırlanıb və 2015-ci ilin mart ayından etibarən “Ne jizn, a prazdnik: Prazdnik qranata” layihəsində nümayişi nəzərdə tutulub.