Bakı. Cavid Zeynallı – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan kino rəssamlığının istedadlı nümayəndəsi, quruluşçu rəssam Fikrət Ələkbərovun 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
APA-nın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov və qurumun əməkdaşları F. Ələkbərovu 70 illik yubileyi münasibətilə təbrik edib, rəssamın Azərbaycan kinosunun inkişafındakı rolundan danışıblar.
Qeyd olunub ki, F. Ələkbərov 1974-cü ildə əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında rəssam assistenti qismində “Tütək səsi”, 3 seriyalı “Abşeron” bədii filmlərində, 1976-cı ildən isə dekor rəssamı kimi “Dərviş Parisi partladır”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Od içində vahə”, “Yol əhvalatı”, “Papaq”, “Qara gölün cəngavərləri”, “Köhnə bərə”, “Özgə həyat” və s. filmlərdə özünü yüksək bədii zövqə malik bir rəssam kimi göstərib.
Rəssamın keçdiyi məhsuldar yaradıcılıq yolundakı uğurları qiymətləndirilib və F. Ələkbərov 2008-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.
1988-ci ildən quruluşçu rəssam kimi çalışdığı “Gənc qadın üçün kişi”, “Girişmə-öldürər”, “Niyyət”, “Əlavə təsir”, “Dərs” və digər bədii filmlər onun yaradıcılıq potensialını nümayiş etdirir.