Bakı. Cavid Zeynallı – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birgə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunmuş “Dünya İrsi: İçərişəhər - qədim şəhərin müasir tarixi” mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, ekspertlər, bir sıra dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açaraq bildirib ki, 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu alan İçərişəhər 2000-ci ilin dekabrında Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. İdarə rəisi ötən illərdə İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi, mühafizəsi, bərpası, konservasiya və restavrasiya işlərinin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, dünyada tanıdılması və beynəlxalq səviyyədə təbliğ edilməsi sahəsində görülən danışıb.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın 23 ildir UNESCO-nun tamhüquqlu üzvü olduğunu vurğulayaraq əməkdaşlığın abidələrin və tarixi yerlərin mühafizəsi, onların bərpası və tədqiqi sahəsində dünya təcrübəsinin öyrənilməsi üçün ölkəmizə, o cümlədən də İçərişəhərə geniş imkanlar açdığını bildirib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkili Ziyad Səmədzadə, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini bildiriblər.