Bakı. Cavid Zeynallı – APA. Bu gün 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyin səsi” adlı festivalın açılışı olub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, festivalın açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib.
O bildirib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların əldə etdiyi nailiyyətlərin dəstəklənməsi məqsədi daşıyır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov qeyd edib ki, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biridir.
Daha sonra gənc rejissorlar Nərgiz Bağırzadə və Fariz Əhmədovun çəkdiyi “Bir addım” filmi nümayiş etdirilib.
Fevralın 5-dək davam edəcək festivalın paytaxtla yanaşı, Gəncədə də keçirilməsi nəzərdə tutulub. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin keçirilməsi nəzərdə tutulur.
Festival iştirakçıları Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və ASAN könüllüləri Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.
Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.