Bakı-APA. Martın 23-24-də Berlində Novruz bayramı geniş şəkildə qeyd olunub.
Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Novruz tədbirləri bu il Azərbaycan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan səfirliklərinin əməkdaşlığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə baş tutub.
Novruz şənlikləri 23 mart tarixində Avropanın nüfuzlu muzeylərindən olan Berlin Etnologiya Muzeyində başlayıb. İştirakçı dövlətlərdən gəlmiş mədəniyyət nümayəndələri burada öz ölkələrinin milli musiqi nümunələri ilə çıxış ediblər. Azərbaycanı Novruz proqramında Fikrət Əmirov adına “Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı” təmsil edib.
Novruz tədbirləri 24 mart tarixində Türkiyə səfirliyinin binasında davam etdirilib.
Səfirliklər arasında əldə olunmuş razılığa əsasən, artıq ənənə halını almış Berlin Novruz şənlikləri növbəti illərdə də növbə ilə həmtəşkilatçı ölkələrin Berlində yerləşən diplomatik nümayəndəliklərində qeyd olunacaq.
Keçirilmiş tədbirlərdə həmtəşkilatçı ölkələrdə Novruz bayramı zamanı hazırlanan şirniyyat və digər kulinariya nümunələri, həmin ölkələrin mədəniyyətlərinə dair materiallar, həmçinin bu ölkələrdə Novruz bayramının qeyd edilməsi ənənələrini əks etdirən prezentasiya qonaqlara təqdim edilib. Novruz proqramına Berlin Etnologiya muzeyində 2000, Türkiyənin Almaniyadakı səfirliyində isə 500-dən çox qonaq qatılıb.