Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin müvafiq göstərişinə əsasən, Memarlıq və İncəsənət İnstitutunda yeni Muğamşünaslıq şöbəsi yaradılıb.
AMEA Memarlıq və İncəsənət İnstitutundan APA-ya verilən xəbərə görə, muğam sənəti və muğam tarixi indiyədək AMEA-nın ayrı-ayrı sahə institutlarında, xüsusilə humanitar profilli institutlarda tədqiqatlara cəlb olunub. Lakin bu sahədə aparılan tədqiqatların mərkəzləşdirilməsi, sistemləşdirilməsi məqsədilə ayrıca bir şöbənin yaradılmasına böyük ehtiyac vardı. Yaradılan yeni şöbədə muğam sənətinin genezisi, quruluş modeli, lad və melodik xüsusiyyətləri öyrəniləcək, bu sənətin başqa musiqi janrları, həmçinin digər xalqların analoji sənət nümunələri ilə müqayisəsi aparılacaq, muğam Şərq musiqi mədəniyyətinin tərkib hissəsi kimi tarixi-ictimai hadisələr zəminində, mərhələlərlə araşdırılacaq və s. Azərbaycan musiqisi tarixinə dair dəyərli tədqiqatların müəllifi sənətşünaslıq doktoru Sevil Fərhadova yeni yaradılan şöbənin müdiri vəzifəsini icra edən təyin olunub.
Qeyd edək ki, qədim Şərqin ən qədim musiqi janrlarından biri olan muğam musiqişünasların, sənətsevərlərin diqqət mərkəzində olub. Azərbaycanda muğam orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem kimi bir sıra fundamental tədqiqatların mövzusuna çevrilib. Son illər respublikada bu sahəyə xüsusi diqqət ayrılır, beynəlxalq və respublika miqyaslı müsabiqələr keçirilir, kitablar, broşürlər nəşr olunur, ayrı-ayrı ifaçıların diskləri ictimaiyyətə təqdim edilir və s.