Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Konqreslər Bürosunun (AzCB) Rəhbər Komitəsinin növbəti iclası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, İclasda AzCB ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, bir ildən artıqdır fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun sıraları getdikcə genişlənir. Nazir müavininin sözlərinə görə, 14 nəfər təsisçi üzvlə öz işinə başlayan qurumun artıq 23 üzvü var: “Bu il başlayandan bir neçə şirkət də büroya üzv olmaq üçün müraciət edib. Hazırda onların sənədlərinə baxılır. Bu onu göstərir ki, Azərbaycan turizm sənayesinin nümayəndələri bu quruma inanır”.
Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmidt bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan və 2013-cü ildən etibarən fəaliyyət göstərən qurumun əsas məqsədi Azərbaycana biznes tədbirlərinin cəlb edilməsi vasitəsilə işgüzar turizmin inkişaf etdirilməsidir. O, rəhbərlik etdiyi qurumun bu istiqamətdə işini davam etdirməsi üçün Azərbaycan Turizm Assosiasiyası ilə imzalanmış müqavilənin əhəmiyyətli olacağına inandığını diqqətə çatdırıb.