Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda bütün nəşriyyatlar qarşısında çap etdikləri kitabların iki nüsxəsini və elektron variantını Mirzə Fətəli Axundov adına Milli Kitabxanaya göndərməklə bağlı məcburi tələb qoyulacaq.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun APA-ya verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin kitabxanaların zəruri nüsxələrlə təmin edilməsinə dair Milli Məclisə təqdim etdiyi təklif layihəsi ilə bağlı parlament və müvafiq dövlət qurumları arasında aparılan müzakirələr nəticəsində belə qərara gəlinib.
Milli Kitabxananın üzərinə öhdəlik qoyulacaq ki, hansı kitabxana bu kitabların elektron variantını istəyərsə, elektron variantı həmin kitabxanaya göndərsin. Bununla bağlı “Kitabxanaçılıq işi haqqında” qanuna düzəliş ediləcək. N.Cəfərov bildirib ki, bu işin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmayacaq, çünki kitabın iki nüsxəsi və elektron variantının Milli Kitabxanaya çatdırılması çox cüzi xərc tələb edir. Mədəniyyət Komitəsinin sədri müzakirələr zamanı nəşriyyatların bütün kitabxanalara zəruri nüsxələri göndərməsi variantının da müzakirə edildiyini, lakin məqbul sayılmadığını söyləyib. Nəzərə alınıb ki, bu halda nəşriyyatın il ərzində 10-15 kitabxanaya zəruri nüsxələri göndərməsi maliyyə xərci ilə bağlı problemin ortaya çıxaracaq.
Layihə yaxın vaxtlarda Mədəniyyət Komitəsində müzakirəyə çıxarılacaq və parlamentin müzakirəsinə təqdim ediləcək. N.Cəfərov “Kitabxanaçılıq işi haqqında” qanuna düzəlişin Milli Məclisin 2014-cü il yaz sessiyasında müzakirəyə çıxarılacağının gözləndiyini bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanda kitabxanalara nəşriyyatlarda çap edilən kitabların nə özü, nə də elektron variantları göndərilmir. Buna görə də problemin aradan qaldırılması üçün Mədəniyyət və Turizm Nazirliyinin kitabxanaların zəruri nüsxələrlə təmin edilməsi ilə bağlı parlamentə təklif layihəsi təqdim edib.