Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanın baş naziri Plamen Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə qeyd olunub ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstanın Mədəniyyət Nazirliyi arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə bu əlaqələr yeni layihələrlə daha da zənginləşəcək.
Ə.Qarayev bildirib ki, Bolqarıstandan Azərbaycana, Azərbaycandan isə Bolqarıstana turist axınını artırmaq üçün qarşılıqlı səylərə ehtiyac var. Nazir bolqarıstanlı jurnalistlərin ölkəmizə səfər etməsi və "Azərbaycan bolqarıstanlı turistlərin gözü ilə" mövzusunda materialların hazırlanması təklifi ilə çıxış edib.
Bolqarıstanın baş naziri Plamen Oreşarski qəbula görə mədəniyyət və turizm nazirinə təşəkkürünü bildirib. Ölkələr arasında təkcə mədəniyyət və turizm sahəsində deyil, bütün sahələrdə əlaqələrin daha da genişlənməsi arzusunda olduğunu vurğulayan qonaq Bakıya səfərinin məqsədindən söz açıb.
Görüşdə Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Rauf Əliyev və Bolqarıstanın Azərbaycandakı səfiri Mayya Xristova da iştirak edib.