Bakı. Cavid Zeynallı – APA. Azərbaycan və Türkiyə mədəniyyət və turizm nazirlikləri və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə “Lavaş günü” layihəsi həyata keçirilib.
APA-nın məlumatına görə, layihə çərçivəsində “Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı təşkil olunub. Yunus Əmrə İnstitutunun Bakı təmsilçisi İbrahim Yıldırım bildirib ki, bir ay davam edəcək layihə çərçivəsində Bakıda şəhərdaxili xidmət göstərən avtobuslar lavaşın təbliğinə dair məlumatlarla təchiz olunacaq, insanlara lavaşa həsr edilmiş broşürlər paylanacaq. Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bildirib ki, layihənin məqsədi ictimaiyyətin diqqətini milli mətbəximizin qədim nümunəsi olan lavaşın Ermənistan tərəfindən mənimsənilməsi faktına yönəltməkdir.
Tədbirdə qeyd olunub ki, noyabrın 26-da Ermənistan tərəfindən lavaş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına “erməni çörəyi lavaşın hazırlanması ənənələri” kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları və bununla bağlı həyata keçirilmiş fəaliyyət nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.