Bakı-APA. Bakıda səfərdə olan Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri İctimai Birliyinin sədri (İLESAM) Mehmet Nuri Parmaksız və sədr müavini İlter Yeşilay, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan Aşıq Şəmşir Mədəniyyət Ocağını ziyarət ediblər.
APA-nın xəbərinə görə, Mədəniyyət Ocağının sədri Qənbər Şəmşiroğlunun adından qonaqları salamlayan qurumun sədr müavini Həbib Misirov mədəniyyət ocağının fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Dədə Şəmşirin görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər xatırlanıb, həmçinin Heydər Əliyevin aşıq sənətinə, bu sənətin görkəmli nümayəndəsi olan Dədə Şəmşirə, onun yaradıcılığına həmişə böyük qiymət verdiyi vurğulanıb: “Ümummilli lider Heydər Əliyev Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncama əsasən, Göygöl rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib, orada abidəsi ucaldılmış, adına küçə verilib”.
Professor Məhərrəm Qasımlı Azərbaycan aşıq sənəti və Dədə Şəmşirin yaradıçılığı haqqında qonaqlara məlumat verib. Qeyd olunub ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb: “Onun 40-dan artıq şagirdi olub. İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. Bu gün dövlət tərəfindən mədəniyyətimizə, xüsusi ilə də ozan aşıq sənətinə yüksək diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun mədəni irsin qorunması siyahısına salınıb”.
İLESAM-ın sədri Mehmet Nuri Parmaksız Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsindəki fəaliyyətləri barədə məlumat verib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan, həmçinin iştirakçılardan Azərbaycan Yazıçılar birliyinin katibi, Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin direktor müavini Adil Cəmil, BDU-nun müəllimi Ələmdar Cabbarlı və digərləri iki qardaş ölkə arasında mədəni, ədəbi əlaqələrin gücləndirilməsinin, elm, sənət adamlarının irsinin qarşılıqlı şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə qərara alınıb ki, hər iki təşkilat Azərbaycan-Türkiyə ozan-aşıq sənətinin, bu sənətin görkəmli nümayəndələri Aşıq Şəmşir, Yunus Əmrə və Aşıq Veysəlin yaradıcılığının təbliği ilə bağlı birgə layihələr həyata keçirsinlər.
Toplantının sonunda tələbələr şerlər səsləndirib və qonaqlara Aşıq Şəmşir Mədəniyyət Ocağı adından təşəkkür mükafatları, hədiyyələr təqdim olunub.