Bank Of Baku

BMT-nin Cenevrə kitabxanasında Xalq Cümhuriyyətinə aid saxlanılan sənədlər Azərbaycana təqdim edilib

BMT-nin Cenevrə kitabxanasında Xalq Cümhuriyyətinə aid saxlanılan sənədlər Azərbaycana təqdim edilib
# 04 oktyabr 2017 13:06 (UTC +04:00)

İsveçrədə səfərdə olan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkiblər. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kitabxananın müdiri Françesko Pisano qonaqlara kitabxananın tarixi barədə məlumat verib. Qeyd edib ki, müxtəlif vaxtlarda təşkilatın tərkibinə 63 üzv dövlət daxil olub və təşkilatın fəaliyyətinə 1946-cı ildə son verilib. Hazırda BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşir: “Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanılır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur”.

 

Bu sənədlərin yüksək əhəmiyyətini nəzərə alaraq, 2016-cı ilin sonunda ölkəmizin Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında Anlaşma Memorandumu imzalanıb.

 

Memoranduma əsasən, Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Ermənistana və Gürcüstana aid, ümumilikdə, 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb. Həmin sənədlərin yerləşdiyi elektron daşıyıcı oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller tərəfindən Azərbaycanın baş nazirinin müavini Əli Həsənova təqdim olunub.

 

Françesko Pisano, həmçinin Azərbaycanın daimi nümayəndəliyi tərəfindən kitabxanaya təqdim edilmiş kitablara görə minnətdarlığını ifadə edib və gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.

 

Azərbaycan haqqında tarixi əhəmiyyət kəsb edən sənədlərin qorunmasına görə təşəkkür edən Baş nazirin müavini Əli Həsənov arxiv sənədlərinin və tarixi faktların böyük əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, qonşularının məkrli siyasətinə və işğalına məruz qalan Azərbaycan kimi ölkələrin tarixi ədalətin bərpa olunmasında arxiv sənədlərinə böyük ehtiyacı var və həmin sənədlər toplusu tarix elminə böyük töhfələr verəcək.

 

Həmin gün Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən “Azərbaycan otağı”na baş çəkib. Bildirilib ki, 2007-ci ildə Azərbaycan Hökuməti tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı” mühüm iclasların keçirilməsi üçün istifadə edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR